AZ EN RU

Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir...

Öz şirinliyi və axıcılığı ilə başqa dillərdən seçilən doğma ana dilimiz ruhunu Gəmiqaya və Qobustanın qayaüstü təsvirlərindən, kökünü ulu soylarımızdan, bəşər tarixinin yaradılışından formalaşan, milli folklorumuzdan, beşik üstə zümzümə olunan ana laylalardan alaraq bu günümüzə gəlib çatmışdır. Bir əlifba rolunu oynayaraq kodlaşdırılmış xalça naxışlarımızda belə ilmə-ilmə düzülərək, yaşam tərzimizi ehtiva xalq yaradıcılığı nümunələrimizdə də dilimizin zənginliyi özünü göstərir. Bulaq suyu kimi saf və axarlı olan dilimiz cilalana-cilalana hər bir azərbaycanlının milli pasportudur. Ana dilimiz türk dilləri ailəsininin Oğuz-səlcuq yarımqrupuna aiddir.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə bütün mənalı ömrü və  fəaliyyəti boyu sədaqətlə yanaşan, onları ağır sınaqlardan çıxaran Ümummilli Liderimiz Heydər Əliyev doğma ana dilimizə öz diqqət və qayğısını əsirgəmirdi. “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”, – deyən Ulu Öndərin bu fikirləri və dilimizin qorunması üçün gördüyü işlər, doğma dilimizə verilən dəyərin ən böyük təzahürüdür.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin və ideyalarının, dahi rəhbərin müəyyənləşdirdiyi siyasətin layiqli davamçısı olan  Prezident cənab İlham Əliyev bütün dəyərlərimizə olduğu kimi, dilimizədə böyük sevgi və məhəbbətlə yanaşır. Onun klassik və müasir Azərbaycan ədəbiyyatının, həmçinin dünyanın məşhur yazıçı və şairlərinin ən qiymətli əsərlərinin latın əlifbası ilə nəşr edilərək ölkəmizin bütün kitabxanalarına, digər mədəniyyət müəssisələrinə pulsuz olaraq verilməsi dediklərimizin bariz ifadəsidir. Azərbaycanın müxtəlif rayon mərkəzlərində “Ana dili” abidələrinin qoyulması isə dilimizə böyük ehtiramdır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 01.08.2024 10:35