AZ EN RU

“Mən əminəm ki, həmin gün mütləq gələcək”

Əlliyə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu nəinki regionun, dünyanın qatılaşmaqda olan geosiyasi mənzərəsini dərk etmək baxımından böyük fürsət yaratdı. Xüsusilə də forumun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin KİV nümayəndələri tərəfindən ünvanlanan suallara müfəssəl şərhləri bir sıra qaranlıq məqamlara işıq saldı, çox mətləbləri agah etdi...

Sayca ikinci dəfə keçirilən Qlobal Media Forumuna Qarabağın tacı Şuşanın ev sahibliyi etməsi ölkəmiz üçün olduqca vacib amil, əhəmiyyətli haldır. Ən əsası ona görə ki, Füzuli Beynəlxalq Hava Limanından eniş edərək qəhrəman şəhərimizə üz tutan müxtəlif ölkələrin media nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları işğaldan azad olunan torpaqlarımızda 30 il ərzində törədilən vəhşiliyi, vandalizmi əyani şəkildə görürlər ki, bu da Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına xidmətdir. Bu addım, digər tərəfdən, əzəli, əbədi yurd yerlərimizin turizm, iqtisadi potensialının təbliğinə yol açmaqla gələcəkdə investor axınına, sərmayədar cəlbinə töhfə verir. Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi, forumun ən yaddaqalan hissəsi, heç şübhəsiz, ölkə başçısının media nümayəndələrini maraqlandıran suallara verdiyi dolğun, ətraflı cavablar oldu. Qalib lider Fələstin-İsrail, Rusiya-Ukrayna müharibələri, ABŞ-da keçiriləcək prezident seçkiləri, Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları, COP29, “yaşıl enerji” və digər beynəlxalq əhəmiyyətli məsələləri praqmatik şəkildə şərh etdi, jurnalistlərə istiqamət verdi, siyasi elitaya mühüm mesajlar ünvanladı...

Forumun əsas mövzusu olan yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizə məsələsi bu gün dünyada baş verən qlobal proseslərin, fəlakətlərin, müharibələrin fonunda özünün ən təhlükəli formasını alıb desək, yanılmarıq. Ancaq bizlər üçün bu hal qəribə, yad deyil. Çünki illərdir, bu problemdən ən çox əziyyət çəkən, heç şübhəsiz, Azərbaycan xalqı olub. Düz 30 ilə yaxın erməni yalançı təbliğat maşını öz işini görüb, xalqımızın haqq səsinə qarşı nahaq, çirkin kampaniyalar aparılıb, torpaqlarımızda törədilən vandalizm hərəkətləri, təəssüf ki, özünü beynəlxalq, dürüst informasiya agentliyi kimi qələmə verən bəzi media subyektləri tərəfindən vicdanla, qərəzsiz şəkildə işıqlandırılmayıb. Əksinə, hansısa kolonializm əməlləri ilə məşğul olan rejimlərin təsiri altına düşən bir sıra KİV-lər qondarma siyasəti, işğalçı hərəkətləri təbliğ edib, ağı qara, qaranı ağ formada göstəriblər. Və çox təəssüf ki, bu gün də bu qarayaxma kampaniyaları davam edir.  Ölkə Prezidentinin forumda moderatorun sualına cavabında da dediyi kimi: “Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”. Bəli, ölkə Prezidentinin də qeyd etdiyi kimi, təəssüflər olsun, bu gün dezinformasiyanın, yalan məlumatların yayılması arealı genişlənir, daha da kütləvi hal alır və bu təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilərin yazılmasına vəsilə olur. Müzəffər Ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində də bu mövqedən çıxış etməyə çalışan qüvvələr, informasiya agentlikləri oldu. Lakin həm döyüş meydanında, həm də informasiya cəbhəsində böyük siyasi səriştə, qətiyyət nümayiş etdirən Ali Baş Komandan sayəsində bütün iftiralı planlar, çirkin niyyətlər fiyaskoya uğradı. Və nəticədə, etiraf etməsələr də bir vaxt şarlatanlıq edib,  bu gün isə Qlobal Media Forumunda Qalib Liderin çıxışını, suallara cavabını dörd gözlə izləyən, qulaq asmağa vadar olan dırnaqarası media subyektləri də kifayət qədərdir...

Forumda iki ayrı ölkənin media nümayəndəsinin Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə toxunması və Prezident cənab İlham Əliyevin bu barədə müfəssəl şərhi də diqqətləri çəkdi. Bəli, görünür, ölkə başçısı tərəfindən irəli sürülən Qərbi Azərbaycana qayıdış konsepsiyasının icrası istiqamətində görülən işlər beynəlxalq media orqanlarında çalışan jurnalistlərin düşüncəsinə inam, etibar toxumları səpib. Şübhəsiz, bu inamın, etibarın formalaşmasında iki dəfə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresin də rolu az deyil. Forumda azərbaycanlıların vaxtilə yaşadığı İrəvan, Göyçə, Dərələyəz və digər ərazilərdən deportasiya olunmasının düzgün tarixi izahını verən dövlətimizin başçısı bir daha Qərbi Azərbaycana qayıdış konsepsiyasının humanizmə, sülhə xidmət etdiyini vurğuladı: “Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı – milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər”.  Bəli, bütün düşmənçilik davranışlara, revanşist hərəkətlərə rəğmən Azərbaycan humanizmdən, xoşniyyətlilikdən heç vaxt əl çəkməyib və əl çəkməyəcək də. Eynilə Qərbi Azərbaycan məsələsində də. Həmin ata-baba torpaqlarımıza xoşməramlı qayıdış da ölkəmizin bu istiqamətdə apardığı siyasətin təməlidir.  Bu gün hər bir qərbi azərbaycanlı dərindən dərk edir ki, bütün qarabağlı soydaşlarımız kimi, onlar da xoşbəxt anlar yaşayacaq və 2-ci Şuşa Qlobal Media Forumunda rusiyalı ictimai xadim, politoloq, jurnalist Maksim Şevçenkonun “Azərbaycanlılar öz vətənlərini – Qərbi Azərbaycanı görəcəklərmi?” sualına sözü imzası olan Qalib Liderin cavabı kimi “Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək” .

Nail ƏSGƏROV

Nəşr edilib : 24.07.2024 15:05