AZ EN RU

Məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində İcra və probasiya şöbəsinin və yerli icra və probasiya qurumlarının əməkdaşlarının iştirakı ilə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində 2024-cü ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev hesabat dövrü ərzində icra xidmətinin fəaliyyətinə dair görülən işləri qeyd edib. Bildirib ki, məhkəmə qərarları icra və probasiya qurumlarının icraatına daxil olan vaxtdan icra məmurları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq icra hərəkətləri həyata keçirilir. Bütün kateqoriyalardan olan icra sənədlərinin icrasına hər zaman xüsusi həssaslıqla yanaşılır. İcra sənədləri üzrə tərəflərlə aparılan profilaktik söhbətlər zamanı onların üzərinə düşən öhdəliklərin icrasına məsuliyətlə yanaşmaları tövsiyə olunur. İntiqam Vəliyev qeyd edib ki, icradan yayınan və icra məmurunun qanuni tapşırıqlarını yerinə yetirməyən borclular barəsində təsirli tədbirlər görülməklə icra sənədlərinin icrası başa çatdırılmalıdır. 
İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev çıxışında qeyd edib ki, hesabat materiallarına əsasən məhkəmə qərarlarının icrası sahəsində iş həcmi ötən illərə nisbətən əhəmiyyətli dərəcədə artıb.  Belə  ki, 2024-cü ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 4842-ə çatıb. Onlardan 2614 işin icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 9.189.418  milyon manatdan çox vəsait ödətdirilib.
Sonra yerli icra və probasiya qurumlarının rəhbərləri və icra məmurları dinlənilib, icra sənədlərinin icrası zamanı yaranmış çətinliklər və onların aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Nəşr edilib : 29.07.2024 16:59