AZ EN RU

Məcid Seyidov güləşçilərlə görüşüb

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində olub, güləşçilərin hazırlıq prosesi və qayğıları ilə maraqlanıb. 

Nazir müavini idmançılarla görüşü zamanı bildirib ki, ölkəmiz köklü güləş ənənələri ilə seçilir və bu idman növü Azərbaycanda kifayət qədər sevilən və müraciət olunan sahəyə çevrilib. Güləşçilərimizin sonuncu olimpiada daxil olmaqla iştirak etdikləri böyük idman tədbirlərindəki uğurlu çıxışını, qazanılan nailiyyətlərini xatırladan Məcid Seyidov bütün bunların ölkə başçısının rəhbərliyi ilə idmana göstərilən davamlı qayğısının nəticəsi olduğunu vurğulayıb. Dünyaca tanınmış güləşçi, həmyerlimiz Hacı Əliyevin Naxçıvan güləş məktəbində idmana başlamasını və buradan başlayan yolun davamında böyük nailiyyətlər qazanmasını, ümumilikdə, bir çox regionlardan, kiçik və şəraitsiz zallardan başlayan uğurlu karyera nümunələrini diqqətə çatdırıb. 

Əlavə olunub ki, Naxçıvanda güləşçilərin peşəkar inkişafı və uğurlu karyera qura bilmələri üçün əlverişli şərait yaradılıb, son vaxtlar Gənclər və İdman Nazirliyi vasitəsilə məşqçi və idmançıların yarışlarda iştirakına dövlət dəstəyi maksimum şəkildə təmin olunur. “Biz güləşçilərimizə, güləş ictimaiyyətinə etimadımızı, güvənimizi göstərməklə yanaşı, onlardan da nəzərəçarpan nailiyyətlər qazanılmasını ümid edirik. Bilin ki, bunun üçün səlahiyyətlərimiz daxilində dəstəyimiz bundan sonra da davam edəcəkdir” , – deyən Məcid Seyidov idmançıların qayğıları ilə maraqlanıb, onlarla öz tövsiyələrini bölüşüb. 

Nazir müavini məktəbin direktoru, o cümlədən Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərovla birgə güləşçilərin məşq prosesini izləyib, gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar. Sonda xatirə fotosu çəkilib.

Nəşr edilib : 14.08.2024 17:38