AZ EN RU

Məcid Seyidov ardıcıl uğurları ilə seçilən klubun idman zalına baş çəkib

Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində ardıcıl işlər həyata keçirilir, bu sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq yeni layihələr hazırlanır, uğur dinamikası yüksəlir. Təkcə bu ilin ötən dövrü ərzində Naxçıvan idmançıları ölkə çempionatları, beynəlxalq turnirlər və Avropa çempionatlarından 38-i qızıl, 34-ü gümüş və 34-ü bürünc olmaqla, ümumilikdə 106 medal qazanıblar. Medallardan 46-sı Naxçıvan şəhərində fəaliyyət göstərən “Turan” Döyüş Klubunun idmançıları tərəfindən əldə olunub.  

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov adıçəkilən klubun şəraiti ilə tanış olub, idmançıların qayğıları və gələcək yarışlara hazırlıq səviyyəsi ilə maraqlanıb. Nazir müavini Prezident İlham Əliyevin idmana və idmançılara qarşı olan yüksək diqqəti, qayğısı, rəhbərliyi altında uğurla həyata keçirilən dövlət idman siyasəti barədə danışıb, bu sahədə əldə olunan naziliyyətlərin hər bir idmançı üçün stimula çevrildiyini deyib. Naxçıvan idmanında yaşanılan yeniliklər və uğurlar barədə danışılıb, əlavə olunub ki, son dövrlər təmsilçilərimizin qazandığı nailiyyətlər, xüsusən də klubun idmançısı Röya Abdullayevanın Avropa çempionatındakı tarixi qələbəsi nəticələrin artım tempini yüksəltməklə yanaşı, qadın idmanının inkişafına da mühüm töhfədir.

Klubun təsisçisi və baş məşqçisi, eyni zamanda Naxçıvan Kikboksinq Federasiyasının sədri olan Xəyal Abdullayev fəaliyyətləri haqqında məlumat verərək deyib ki, 2016-cı ildən fəaliyyətdə olan klubda gənc nəsilə kikboksinq, MMA, qrepplinq, pankration idman növləri öyrədilir. Hazırda 5 qrup üzrə ümumilikdə 100  idmançı məşqlərdə iştirak edir. Xəyal Abdullayev klub idmançıları tərəfindən müxtəlif dövrlərdə dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə və ölkə birinciliklərində qazanılan çempionluqlar, müvəffəqiyyətlər barədə danışıb, idmançıların milli ruhda tərbiyəsinin, fiziki və psixoloji hazırlığınının prioritet olduğunu vurğulayıb. 

Klub rəhbəri göstərilən diqqətə görə Məcid Seyidova təşəkkürünü bildirib. Birlikdə xatirə fotosu çəkilib.

Nəşr edilib : 08.08.2024 15:57