AZ EN RU

Könüllülər “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisində olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və könüllüləri 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisini ziyarət edib. Birliyin sədri Cehun Bayramov çıxış edərək bildirib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşən ordumuz düşmənin başında şimşək kimi çaxdı. Onları məğlub edib Zəfər qazandıq. Xalqımıza və siz gənclərə bütöv Vətən ərməğan etdik. Şəhid qanına bürünən torpağın hər qarışı siz gənclərə əmanətdir. Şəhidlərin xatirəsini yaşadaraq Vətəni, Vətəni qoruyaraq şəhidləri yaşatmalıyıq.

Təmsil etdiyi qurumun əsas iş prinsiplərindən biri kimi gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi olduğunu xatırladan Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva qeyd edib ki, gənclərdə hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Müntəzəm olaraq əsgər və zabitlərlə, qazilərlə görüşlər keçirilir, şəhid ailələri ziyarət olunur. Müxtəlif konseptdə tədbirlər, hərbi-idman oyunları təşkil olunur. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini daim hörmət və ehtiramla yad edir, onların gələcək nəsillər üçün buraxdığı vətənpərvərlik mirasını uca tutmağa çalışırıq.

Nazirliyin könüllü gəncləri özlərinin yaradıcılıq nümunəsi olan rəsm əsərlərini qazilərə hədiyyə ediblər. Gənclər böyük maraqla birliyin ofisində yaradılan “Şəhidlər” guşəsi ilə tanış olub, igidlərimizin döyüş yolu ilə bağlı məlumatlanıblar.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 12.08.2024 14:59