AZ EN RU

Komitənin növbəti təlimi baş tutub

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ordubad Rayon İcra Hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə birgə təlimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli müvafiq monitorinq qrupunun fəaliyyətindən danışıb. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev rayon və şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Təlimin gedişində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərdən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyul 2024-cü il tarixli Qərarı ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən dövlət vəsaiti hesabına hüquqi yardım dedikdə məişət zorakılığından zərər çəkmiş şəxsə onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi xidmət nəzərdə tutulur. Qaydaya hüquqi yardımın növləri və formaları, göstərilməsi şərtləri, bununla bağlı məlumatlandırma və maliyyələşdirilməsi mənbələri ilə bağlı müddəlar daxil edilib.
Təlimin sonunda məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və yerlərdə zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlər müzakirə edilib.

Nəşr edilib : 31.07.2024 22:30