AZ EN RU

Komitənin kollektivi şəhid ailəsində olub

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Sədərək döyüşlərinin şəhidi polis serjantı Elman İsmayılovun ailəsini ziyarət edib.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 1990-cı illərin əvvəllərində yaşanmış ağır günlərdən, erməni işğalına qarşı xalqımızın apardığı mübarizədən, Sədərək döyüşlərindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etməsindən, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söz açıb.
Sədərək döyüşlərinin şəhidlərindən olan İsmayılov Elman Cabbar oğlunun ailə üzvləri-qardaşı Qalib İsmayılov, bacısı Ərkinaz İsmayılova, qardaşının həyat yoldaşı Şahnaz İsmayılova şəhidlə bağlı xatirələrini bölüşüb, həmin dövrdə Sədərəyin düşmən hücumlarına məruz qalmasından, Vətənimizin igid oğullarının torpaqlarımızı şücaətlə qorumalarından danışıblar.
Xatırladaq ki, 1965-ci ildə Sədərək kəndində anadan olmuş polis serjantı İsmayılov Elman Cabbar oğlu doğma torpağı uğrunda gedən döyüşlərə qatılaraq düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində iştirak edib, 1992-ci il may ayının 3-də Qaraburun dağı ətrafında gedən döyüşdə qəhrəmancasına şəhid olub. Sədərəkdə ağır döyüşlər getdiyi üçün kənddə Elmanı dəfn etməyə imkan olmadığından onu Şərur rayonundakı “Şəhidlər xiyabanı”nda dəfn etmək haqqında qərar qəbul olunsa da valideynləri, kənd ağsaqqalları buna razı olmadı, onu axşam qaranlıq düşəndən sonra doğulduğu Sədərək kəndinin qəbristanlığında dəfn etdilər. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Prezident Fərmanına əsasən İsmayılov Elman Cabbar oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 06.07.2024 19:49