AZ EN RU

Komitədə kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, 2024-cü ilin birinci yarımilində görülən işlər müzakirə olunub, növbəti 6 ayda qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclasda Komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, hesabat dövründə Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumiləşdirmələr və təhlillər aparılıb, xüsusi kateqoriyadan olan əhali qrupu ilə əlaqələr genişləndirilib, bələdiyyələr yanında gender komissiyaları yaradılıb. Həmçinin ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılıb, tədbir, təlim, iclas, seminar, görüş, müsabiqə, ictimai müzakirə, monitorinqlər keçirilib, xüsusi günlər qeyd edilib.
Komitə sədri bildirib ki, hesabat dövrü ərzində müvafiq Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı işlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilib. Təfsilatlı Tədbirlər Planının 8.10.4.1.1-ci və 8.10.4.2.5-ci bəndlərinə əsasən Naxçıvan Muxtar Respublikasında 2023-2024-cü illərdə Regional Ailə Mərkəzlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması və 2024-cü ildə Regional Ailə Mərkəzlərinin yaradılması tapşırılıb. Mərkəzlərin inzibati binalarının tikintisi ilə əlaqədar müvafiq normativ hüquqi sənədlərin icrasına başlanılıb.
Komitə sədri bildirib ki, hesabat dövrü ərzində Komitənin 2 kollegiya, 1 Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası, 70 tədbir, 9 görüş, 14 təlim, 3 seminar, 33 monitorinq, 4 sərgi-satış, 2 müsabiqə keçirilib, Bu da 138 müxtəlif səpkili tədbirdir. Keçirilən maarifləndirici görüş, seminar, təlim və tədbirlərdən 1592 kişi və 4181 qadın olmaqla 5773 nəfər yararlanıb, 1971 təbliğat materialı, o cümlədən broşürlər paylanılıb. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və COP-29 “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər təşkil edilib. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı 23 monitorinq keçirilib, 4 erkən nikahın qarşısı alınıb, polis orqanlarında profilaktiki qeydiyyatda olan 6 münaqişəli ailələrlə görüşlər olub,  sərmayə kapitalı verilmiş 4 qadının yaşadığı ünvanda və təsərrüfat sahəsində monitorinq keçirilib, 160 bələdiyyə yanında gender komissiyaları yaradılıb.
Həmçinin Komitə sədri hesabat dövrü ərzində 5 yaşayış məntəqəsində vətəndaşlarla görüş keçirib, onların müraciətlərini dinləyib, eləcə də Komitəyə 2024-cü ilin 6 ayı ərzində ailə, qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı 92 şifahi və 25 yazılı vətəndaş müraciəti daxil olub, müraciətlərə qanunamüvafiq qaydada baxılaraq lazımi köməklik göstərilib. 
Sonra məruzə ətrafında Komitə Aparatının şöbə müdirləri Könül Babayevanın, Vüsalə Vəliyevanın və baş məsləhətçisi Nəriman Nəcəfovun çıxışları olub. 
İclasın sonunda Komitənin Kollegiya iclasının qərarı təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
 Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 12.07.2024 19:12