AZ EN RU

Kəngərli rayonunda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında subsidiyaların verilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

2025-ci ildən aqrar sahədə subsidiyalar daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Kəngərli rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər üçün keçirilən maarifləndirici tədbirdə məlumat verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova əkin, məhsul, toxum, ting, meyvə və üzüm bağlarının salınmasına görə verilən subsidiyalar, o cümlədən payızlıq əkinlər üçün hazırlığın aparılması, sertifikatlı toxumlardan istifadənin məhsuldarlığa müsbət təsirləri, əkinlərdə aqrotexniki qaydalara riayət olunması barədə ətraflı söhbət açıb, fermerlərin torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, dövlət dəstəyindən fermerin yararlana bilməsi üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin alınması vacibdir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci il 7 oktyabr  tarixdə imzalanan “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanda öz əksini tapıb. Fərmana əsasən 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər. Əks təqdirdə, fermerlərin növbəti ildən subsidiya əldə edə bilməsi mümkün olmayacaq.

Naxçıvan Muxtar Respublikasında taxıl əkinlərinin mövcud vəziyyətini təhlil edən Xəyalə Dadaşova bildirib ki, 2023-cü ildən başlayaraq keyfiyyətli əkin aparılması əsas istiqamətlərdən biri olaraq müəyyənləşdirilib. Bu səbəbdəndir ki, ötən illə müqayisədə bu il muxtar respublika üzrə taxılın məhsuldarlığında artım müşahidə olunur. Belə ki, ötən il taxıl istehsalı üzrə orta məhsuldarlıq 24,9 sentner olduğu halda, cari ildə hazırkı orta məhsuldarlıq 28,4 sentner təşkil edir.
Payızlıq taxıl əkinlərinə hazırlıq məsələləri barədə qeyd olunub ki, cari ildə muxtar respublika ərazisinə düşən yağıntı miqdarının artması kifayət qədər su ehtiyatının yaranmasına səbəb olub. Bu da imkan verir ki, növbəti mövsümdə əkin sahələri genişləndirilsin.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Müslüm Cabbarzadə torpaq üzərində mülkiyyət hüququnun təsdiqlənməsinin əhəmiyyəti və qaydaları haqqında danışıb. Rəis müavini qeyd edib ki, ölkə başçısının imzaladığı müvafiq Fərmanın icrası ilə bağlı ötən 4 il ərzində xidmət tərəfindən lazımi addımlar atılıb, muxtar respublikanın bütün bölgələrində maarifləndirici tədbirlər keçirilməsi ilə yanaşı, səyyar xidmətlər də təşkil olunub. Hazırda da bu proses davam etdirilir. Vətəndaşlar torpaq üzərində mülkiyyət hüququnu təsdiqləmək üçün bu xidmətlərdən yararlana, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər. 

Tədbirdə vətəndaşların torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin zəruriliyi bildirilib, iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. 

Qeyd edək ki, növbəti belə tədbir avqustun 6-da Sədərək rayonunda keçiriləcək.

Nəşr edilib : 02.08.2024 17:17