AZ EN RU

Kənd turizminin inkişafı məqsədilə sakinlərlə görüş keçirilib

Ordubad rayonunun Biləv kəndində kənd turizminin inkişafı məqsədilə Biləv və Behrud kənd sakinləri ilə görüş keçirilib. Tədbirdə Biləv kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İqbal Hüseynov bildirib ki, son illərdə kənd turizmi muxtar respublikada inkişaf etmiş bir turizm növüdür. Bu turizm növü kəndlərin iqtisadi və sosial inkişafına öz müsbət təsirini göstərir. Kənd turizminin inkişafı yalnız turizm sektorunun deyil, həm də kənd həyatının canlanmasına xidmət edir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının, yerli əhalinin əl işlərinin və yerli mətbəxin turistlərə təqdim edilməsi ilə kənd sakinlərin gəlirlərini artırır və bölgənin iqtisadiyyatına öz müsbət təsirini göstərir. Vurğulanıbdır ki, dövlət digər məşğulluq sahələrinin inkişafı ilə yanaşı, turizm sektoru ilə məşğul olan vətəndaşların da bu sahədə bilik və bacarıqlarının artırılmasında bir sıra tədbirlər görür. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu kimi maarifləndirici görüşlər nəticəsində kənd əhalisi tərəfindən kirayə verilən evlərin sosial şəbəkə hesablarında təbliği turizm potensialı olan kəndlərdə turist axınına müsbət təsir göstərib. Gözəl təbiəti, yerli mətbəxinin müxtəlifliyi, insanlarının qonaqpərvərliyi məhz bu kəndin də Naxçıvan Muxtar Respublikasının turistik məkanlar siyahısına daxil edilməsinə şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunub. 

Məruzəçi tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulayıb, muxtar respublikanın turizm potensialı haqqında geniş məlumat verib. Bildirib ki, bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır. Qədim diyarın kənd turizm potensiallı yaşayış məntəqələri kənd turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdirlər. Şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər, adətən, kənd turizminə üstünlük verirlər. Turizmin bu növü getdikcə populyarlığını artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri ilə zəngin, sadə, kiçik bir kənd evində yaşamaq 5 ulduzlu hotellərdə qalmaq arzusunu bəzən üstələyir. Məruzəçi kənd evi, kənd evində qonaqlama xidmətinin təşkili, kənd evində qonaqlama xidməti üçün tələblər, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın təşkili, ev sahibləri tərəfindən turistlərə göstərilən əlavə xidmətlər və digər mövzular haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına kənd turizmi haqqında məlumatları özündə əks etdirən bukletlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti

Nəşr edilib : 29.07.2024 18:16