AZ EN RU

İyun-iyul ayları ərzində 2 erkən nikaha cəhdin qarşısı alınıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır, erkən nikahın fəsadları və qarşısının alınmasında normativ hüquqi tənzimlənmə barədə ictimaiyyətə ətraflı məlumat verilir. 
Təəssüf ki, həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib və 2 erkən nikaha cəhdin qarşısı alınıb. 
Belə ki, Şərur rayon Dərəkənd kənd sakini 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan E.H. (ad və soyad şərtidir) 2000-ci il təvəllüdlü Şərur rayon Dərəkənd kənd sakini M.A. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 7 iyun tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib. 
Eyni zamanda Şərur rayon Maxta kənd sakini 02 aprel 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan T.N. (ad və soyad şərtidir) 2001-ci il təvəllüdlü Sabirabad rayon Bulduq kənd sakini E.C. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 5 iyul tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib.
Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şərur Rayon İcra Hakimiyyətində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələlər yerindəcə araşdırılıb, toy mərasimləri keçiriləcək ünvanlara baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Beləliklə də aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahların qarşısı alınıb.
Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır. 
Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 05.07.2024 20:21