AZ EN RU

İxtisas seçimində abituriyent və valideynlər nələri bilməlidirlər?

Artıq ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər və həmçinin subbakalavrlar üçün ixtisas seçimi başlayıb. Müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin qarşısında seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Bəs hər bir abituriyent və valideyn seçim zamanı nələrə diqqət yetirməlidirlər?

Bəzi abituriyentlər artıq seçimlərini dəqiqləşdirib ixtisas seçimini edib. Seçim zamanı əsas diqqət yetirilməli məqam abituriyentin yığdığı baldır. Ölkəmizdə müəyyən ixtisaslar var ki, hər il o ixtisaslara  kifayət qədər axın olur və bu axın seçim prosesində həlledici rol oynayır. Bəzən elə olur ki, abituriyent yüksək bal topladığı halda seçimdən kənarda qala bilir. Buna görə də ixtisas seçiminə həssas yanaşmaq lazımdır. Hazırda ölkəmizdə seçim prosesi ilə məşğul olan kifayət qədər ekspert və kurslar var. Bunlardan biri də Naxçıvan Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Mərkəzidir. Mərkəzdə xüsusi treninq keçmiş könüllülər abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər, təhsil tələbə krediti və sair haqqında ödənişsiz köməklik göstərirlər.          
Bəs abituriyentlər yığdıqları bala müvafiq olaraq daha düzgün ixtisas seçmək üçün nələrə diqqət etməlidir?  

16-18 yaşındakı gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmaq olmaz ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Mütəxəssislərin fikrinə görə, isə hər bir abituriyent seçə biləcəyi ali təhsil müəssisələrini, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Abituriyent bunu da nəzərə almalıdır ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda onun işləmə həvəsindən və işinə olan məsuliyyətindən xeyli asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox, iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir.

Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Misal üçün, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və sair bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır.

 İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 650 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə, heç şübhəsiz, abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən, 150-500 bal toplayan abituriyentlər böyük risk altında olurlar. Onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun, universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda oxumaq ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir. Abituriyent 15 ixtisas seçimindən ilk ikisini arzusunda olduğu ixtisasları, daha sonra öz balından bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası müəyyənləşdirilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir! Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarının nəzərə alınmasıdır.  
İxtisas seçimi qəbul dövründə ən mühüm mərhələlərdən biridir. Abituriyentlərə kömək etmək məqsədilə hər bir ixtisas qrupu üzrə qəbul imtahanları keçirildikdən və cavablar elan olunduqdan sonra müsabiqədə iştirak edən abituriyentlərin ballarının paylanma cədvəllərini Dövlət İmtahan Mərkəzi təyin edir. Yəni burada bal intervalları üzrə abituriyent haqqında məlumatlar verilir və abituriyentin buna əsasən balının hansı ixtisasa uyğun olduğu təyin edilir. Bundan əlavə, ixtisas seçilməzdən əlavə keçid balları da təyin olunur. Keçid balları ötən ilin müsabiqə vəziyyəti ilə abituriyentin ixtisas seçimi aparılır. Müsabiqədə iştirak edən abituriyentlərə DİM tərəfindən müəyyən vaxt verilir. Kifayət vaxtın olması ilə yanaşı, abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Çünki səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yalnış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmək qalır.        
Bir qrup gənc ixtisas seçimində valideynlərinin fikirlərini əsas götürür. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istəyir. Övladın fikrinə də hörmət etmək lazımdır. Təəssüflər olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarına məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyil etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.

Əziz abituriyentlər, ixtisas seçimində düzgün qərar qəbul etmək lazımdır ki, bu da gələcək həyatınızın, kariyeranızın qurulmasında vacib amildir.  İllərlə arzuladığınız peşəyə yiyələnmək üçün ixtisas seçimində abituriyentlərin sayına, imtahan nəticəsinə və plan yerlərinə diqqət etməlisiniz. Önəmli olan seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.

 

Hüseyn İMANOV

Naxçıvan Dövlət Universiteti Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Nəşr edilib : 12.08.2024 13:58