AZ EN RU

İşıqlı gələcək gənclərlə gələcək

Vətənin nurlu sabahının, işıqlı gələcəyinin bayraqdarları

    Böyük yunan alimi, filosof, mütəfəkkir Aristotel bir zamanlar özünün məşhur “Əxlaq” traktatında yazırdı: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər”. Cəmiyyətin ən ali, coşqun ruhlu təbəqəsi sayılan gəncliyin irqindən, dilindən, dinindən, hətta yerləşdiyi coğrafi mövqedən asılı olmayaraq, bir çox cəmiyyətlərə verdiyi töhfələri göz önünə gətirsək, Aristotelin yüksək fikirlərini dərinliyi ilə dərk edə bilərik. Təsadüfi deyil ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin statistikasına baxsaq, insanların həyat səviyyəsinin yüksək olduğunu, nəticədə, gənclərin təhsil sahəsində uğur qazandığını, idman, incəsənət, musiqi və digər sahələrdə nailiyyət əldə etdiyini görərik. Bu üstünlüklərin olması da təsadüfi deyil. Çünki daim inkişaf etmək, yenilənmək, zamanın tələbini doğrultmaq istəyən hər bir cəmiyyət öz ümidlərini, hədəflərini gənc nəslə, bir az da mübaliğəli desək, gəncliyin sağlam təməllər üzərində qurulmasına bağlayır, onların düzgün əqidədə, vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni edir. Bütün bunlar dünya arenasında, necə deyərlər, öz sözünü demiş, gənclərin ideyaları ilə tanınan və inkişafın fövqündə dayanan azad, demokratik ölkələrin atdığı mütərəqqi addımlardır. Elə hürr iradəli, milli düşüncəli, istiqlal ruhlu Vətənimiz azad Azərbaycanda da olduğu kimi...
    Ölkəmizdə gənclərin düzgün yetişdirilməsi, onların təhsilə, idmana, incəsənətin müxtəlif sahələrinə, məşğulluğa cəlbi prioritet istiqamətdir, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə hakimiyyətə gəlişindən sonra bu məsələ davamlı xarakter alıb, bu istiqamətdə mühüm işlər görülüb, böyük addımlar atılıb. Ən mütərəqqi addım isə Ulu Öndər tərəfindən 1997-ci il 2 fevral tarixində imzalanan Sərəncam olmuşdur ki, həmin ali sənədlə Azərbaycanda 2 fevral “Gənclər Günü” kimi qeyd olunur; azad, müstəqil, işıqlı Azərbaycan gənclərinin günü kimi...
    Hər il ölkə qəzetlərində, televiziya kanallarında və digər kütləvi informasiya vasitələrində gənclərimizin qazandığı uğurlardan kifayət qədər danışırlar. Sevindirici haldır ki, istedadlı gənclərimizin sayı hər ötən il daha da artır. Elə biz də Gənclər Günü ərəfəsində fürsətdən istifadə edərək, muxtar diyarımızda öz istedadı ilə seçilən, həm özünə, ailəsinə, həm də Vətəninə baş ucalığı gətirən bir neçə gənclə həmsöhbət olduq.

    İlk həmsöhbətimiz hələ uşaq yaşlarından gələcəyin peşəkar idmançısı kimi yetişmək arzusunda olan, oxuduğu ali təhsil ocağını bir sıra beynəlxalq turnirlərdə, yarışlarda təmsil edən və uğurlar qazanan Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbəsi, Avropa çempionu Aslan İsmayılov oldu. Müsahibimiz dedi: – İdman sahəsinə kiçik yaşlarımdan marağım var idi, 2007-ci ildən isə karate-do ilə məşğul oluram. İlk ən böyük uğuruma 2008-ci ildə – Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Karate-do Federasiyasının 16 mart tarixdə birgə təşkil etdikləri Novruz bayramına həsr olunmuş turnirdə ikinci yeri qazanmaqla nail oldum. Bununla yanaşı, Avropada keçirilən bir çox yarışlarda, dünya birinciliklərində də iştirak etmişəm. Hətta karate-do idmanı üzrə 2018-ci ildə dünya ikinciliyini, 2019-cu ildə isə Avropa üçüncülüyünü qazanaraq beynəlxalq səviyyədəki ilk ən böyük arzularımdan birinə çatmışam, həmin yarışlardan Vətənimə böyük sevinclə qayıtmışam.
    Müsahibimiz qazandığı uğurlara görə bir çox mükafatlarla, diplomlarla da təltif edilib: Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə, yəni 2016-2017-ci illərin yekunlarına görə keçirilən “İlin idmançısı” nominasiyası üzrə diplomlarla, 2017-2018-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fəxri fərmanla, Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplomla, 2018-ci ilin yekununa görə qiymətli hədiyyə ilə və son olaraq 2021-ci ildə universitetin rektorluğu tərəfindən 25 yanvar tarixdə təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb. 

    Digər müsahibimiz həmin ali təhsil müəssisəsinin İncəsənət fakültəsinin IV kurs tələbəsi Türkan Əsədovadır. Həmsöhbətimiz bildirdi ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda gənclərin sağlam vətəndaş kimi böyüməsi, onların peşəkar kadr kimi formalaşması, habelə gələcəkdə öz ixtisasları üzrə daha yaxşı yetişməsi üçün hər bir şərait yaradılıb. O qeyd etdi ki, təhsil aldığı Naxçıvan Dövlət Universitetində hər il müxtəlif istiqamətlərdə sərgi müsabiqələri, sərgi-satışlar keçirilir. Tələbə-gənclərə həmin müsabiqələrdə iştirak etmək, onların öz əl işlərinin satışını təşkil etmələri üçün böyük imkanlar yaradılır. Həmin müsabiqələrdən bir neçəsini qeyd edən Türkan diqqətimizə çatdırdı ki, bu il fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəhbərliyi altında tələbələrin təşkilatçılığı ilə “Bizim keramika” adlı sərgi keçirildi. Bu, muxtar diyarımızda tələbələr tərəfindən keçirilən ilk böyükformatlı sərgi kimi çox müsbət qarşılandı. Onu da öyrəndik ki, müsahibimiz həm də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin gənc rəssamlar bölməsinin üzvüdür və birliyin təcrübəli rəssamları ilə birgə fəaliyyət göstərmək, nəzəriyyədə qazandığı bilikləri burada praktiki şəkildə tətbiq etmək onlara çox şey qazandırır. 
    Gənc rəssamımız əl işlərinin sərgilənməsi prosesindən, habelə sərgi-satışların keçirilməsi işindən də danışdı: – Bildirim ki, keçirilən sərgilərdə və müsabiqələrdə işlənən əl işlərindən ən uğurluları toplanılaraq nümayiş edilir və bir çoxu, daha dəqiq desək, müsbət rəy alan əl işlərinin sərgi-satışı təşkil olunur. Bunun üstünlüyü ondan ibarətdir ki, tələbələrin öz işlərindən qazandıqları gəlirlər həm onların maddi təminatının yaxşılaşdırılmasına, həm də işlərinə daha da peşəkarcasına yanaşmalarına həvəsləndirir. Gənc rəssam kimi mən də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkil etdiyi bir çox müsabiqələrdə, o cümlədən paytaxt Bakıda və qardaş Türkiyə Respublikasında keçirilən sərgi müsabiqələrdə iştirak edib, bir çox mükafatlara, fəxri fərmanlara layiq görülmüşəm. Son olaraq dövlətimizin gənclərə yaratdığı şəraitdən bəhrələnən gənc rəssam kimi sənətsevərlərə qazandığım uğurlara söykənərək demək istəyirəm ki, peşələrini hər zaman sevsinlər, bu yolda daim axtarışda olsunlar, mütəmadi biliklər qazanmaqdan heç zaman yorulmasınlar. Ən başda isə vətənlərini sevməkdən, onun nurlu sabahı üçün çalışmaqdan heç zaman yorulmasınlar. 
     Xatırladaq ki, ölkəmizdə sağlamlıq imkanları məhdud gənclərimizin inkişafı üçün də dövlətimiz ayrıca proqramlar qəbul edir, onların bilik və bacarıqlarının üzə çıxarılması, istedadlarının dəyərləndirilməsi, elmin, incəsənətin müxtəlif sahələrinə cəlbi istiqamətində mühüm addımlar atır, bir sözlə, onların cəmiyyətdən təcrid olunmaması üçün hər cür tədbir görür. Nəticədə, sağlam dünyagörüşlü, mütərəqqi ideyalı gənclərimizin sırasına sağlamlıq imkanları məhdud istedadlı gənclərimiz də qoşulurlar.

    Növbəti müsahibimiz sağlamlıq imkanları məhdud gəncimiz Nərgiz Abdullayeva da dövlətimizin diqqəti ilə öz istedadının ardınca gedib və bu sahədə bir çox uğurlar əldə edib. Piano ifaçılığına hələ uşaqlıqdan maraq göstərmiş Nərgiz deyir ki, insan sevdiyi, həvəslə, böyük şövqlə ardından getdiyi işdə mütləq uğur qazanacaq: 
    – Mütaliə etdiyim kitabların birində belə bir cümləyə rast gəlmişəm: “Gələcəkdə özünü xoşbəxt görmək istəyirsənsə, hər səhər erkən durub həvəslə işə yollanmaq istəyirsənsə, əvvəlcə sevdiyin işin nə olduğunu tapmalısan”. Bəli, düşünürəm ki, bu dəyərli fikir uzun peşə yolunu uğurla başa vurmuş insanların həyat amalı kimi, mənim timsalımda olan bir çox gəncin hafizəsinə həkk edilməlidir. Çünki insanın sağlamlıq səviyyəsi, düşüncə tərzi, həyata baxış bucağı nə qədər fərqli olsa da, qarşısına qoyduğu məqsəd, o yolda cəhd etmək, ailənə, Vətəninə baş ucalığı gətirmək məramı hər zaman bir olmalıdır. Bununla yanaşı, səmimi etiraf etmək istərdim ki, doğma ölkəmizdə gənc olmağa nə var ki? Yaraşıqlı məktəb binaları, zəngin kitabxanalar, yaradıcılıq ocaqları, musiqi məktəbləri və saymaqla bitməyən bir çox müsbət işlər biz gənclərin inkişafı üçün kifayət edir. Elə mən də bu imkanlardan bəhrələnmişəm. Qısa zamanda peşəkar müəllimlərimin göstərişi və tədrisi ilə piano ifaçılığının sirlərini öyrənmişəm. Muxtar respublikamızda keçirilən bir çox musiqi yarışlarında diplomlarla mükafatlandırılmışam, fərqləndirici yerlərə layiq görülmüşəm. Ən əsası isə ötən il 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar keçirilən intellektual yarışda II yeri tutmuşam. Artıq təhsil aldığım 2 nömrəli uşaq musiqi məktəbini başa vurmaqdayam, məqsədim Naxçıvan Musiqi Kollecinə qəbul olmaq, burada incəsənətin sirlərini öyrənmək, hər bir Azərbaycan gəncinin arzu etdiyi kimi Vətənimizə layiq şəxsiyyət olmaqdır. 

    Ali təhsil ocağının digər bir tələbəsi, Biologiya ixtisasının III kursunda təhsil alan Aydan Məhərrəmli bizimlə söhbət zamanı dedi: – Naxçıvan Dövlət Universitetinə qəbul olduqdan sonra universitetin Tələbə Elmi Cəmiyyətində aparılan tədqiqat işləri ilə tanış olmaq qərarına gəldim. Bu, necə deyərlər, xəyallarımın gerçəkləşməsinə stimul verdi. Mənim timsalımda olan digər tələbə-gənclər əvvəlcə ali təhsil ocağında Tələbə Elmi Cəmiyyəti tərəfindən yerinə yetirilən işləri nəzərdən keçirib öz sahəmizə uyğun mövzu seçimi edirik. Seçdiyimiz mövzu elə bir mövzu olmalı idi ki, onun nəticələri insanlara fayda versin. Mən bu istiqamətdə “İstixana şəraitində yetişdirilən tərəvəz bitkilərinin təbii yolla tozlandırılması üçün nə edə bilərik?” mövzusunda tədqiqat işimə başladım. Bizim bu sahədə apardığımız tədqiqat işi muxtar respublikamızda olan təsərrüfatçıların, habelə istixana sahiblərinin də marağına səbəb oldu. İşimin nəticələri Rusiyanın Penza şəhərində keçirilən “Tələbə elmi: aktual məsələlər, nailiyyətlər və innovasiyalar” VII beynəlxalq elmi-praktiki konfransının materialları ilə birlikdə dərc edildi, I dərəcəli diplom və sertifikatla təltif olundum. Bu da mənim kimi bütün ali təhsil ocağının professor-müəllim kollektivinin sevincinə səbəb oldu. Bu nailiyyətimin ardınca Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin xətti ilə 2021-2022-ci tədris ilində təşkil edilən elmi-tədqiqat işlərində Biologiya bölməsi üzrə universitet birinciliyini qazandım. Bütün bunların nəticəsində Naxçıvan Dövlət Universiteti tərəfindən Heydər Əliyev adına təqaüdə layiq görülmüşəm. Arzu edirəm ki, ölkəmizin, muxtar diyarımızın gəncləri hər zaman Vətənimizi ən gözəl şəkildə təmsil etsinlər, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırsınlar. 
    Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında başlıca rola malikdir. Dövlətimizin dəstəyi ilə onlar həyatımızın müxtəlif sahələrində nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Ulu Öndər tərəfindən əsası qoyulmuş bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, birmənalı olaraq gənclərin hərtərəfli inkişafı üçün ölkənin sosial-iqtisadi, elmi və mədəni sahələri, necə deyərlər, səfərbər edilir. Məqsəd isə yeni nəslin inkişafına nail olmaq, gələcək nəsillərə savadlı, intellektli kadrlar verməkdir. Gənclərimizin üzərinə düşən yeganə öhdəlik isə mənsub olduqları xalqın dilini, dinini, milli kimliyini sevmək, ona layiq şəkildə yaşamaqdır. Gününüz mübarək olsun, Azərbaycanın işıqlı gələcəkləri, nurlu sabahları... 

Məcid RƏŞADƏTOĞLU
 Aysel YUSİFZADƏ
Bülbül QULİYEVA

Nəşr edilib : 01.02.2023 21:31