AZ EN RU

“İrəvan xanlarının məktublar külliyatı” ilk dəfə olaraq kitab halında dərc olunub

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin imzası elmi ictimaiyyət nümayəndələrinə, eləcə də mətbuatla tanış olan hər kəsə yaxşı məlumdur. Onun çoxillik araşdırmaları Kəngərlilər, Naxçıvanskilər, Şahtaxtınskilərlə bağlı bir çox faktların üzə çıxarılmasına, tariximizin təhrifə məruz qalmış, yaxud yanlış bilinən həqiqətlərinin aşkara çıxmasına vəsilə olmuşdur. Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın tərəqqisində mühüm xidmətləri olmuş şəxsiyyətlərin öyrənilməsi, yuxarıda adı çəkilən qədim sülalələrin araşdırılaraq hazırlanan şəcərələri məhz Musa Rəhimoğlu Quliyev imzası daşıyır.
Sirr deyil ki, arxiv sənədləri ilə işləmək gərgin əmək, böyük səbir və əsl tədqiqatçılıq bacarığı tələb edir. İşini layiqincə yerinə yetirən, ömrünü, sözün əsl mənasında, elmə, arxiv materiallarının tədqiqinə həsr etmiş alim bugünədək Tiflis, Sankt-Peterburq, Moskva, Vladiqafqaz, Odessa, Dərbənd, Bakı və Naxçıvan arxivlərində çoxsaylı arxiv sənədini aşkara çıxarmış, həmin sənədləri tədqiqata cəlb edərək onları elmi dövriyyəyə daxil etmişdir. Onun rus dilində yenicə işıq üzü görmüş “Mirzə Məhəmməd Müslim. İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabı məhz həmin məhsuldar fəaliyyətin nəticəsi və uğurlu davamıdır.
Musa Quliyev əsəri çapa hazırlamaqla bərabər, həm də kitaba yazılmış  ön sözün (Azərbaycan və rus dillərində) və kitaba daxil edilmiş rus dilində əlavənin müəllifidir. Kitab akademik İsmayıl Hacıyevin və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rəyləri, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.
336 səhifəlik kitab İrəvan xanlığının qonşu xanlıqlarla və Kartli-Kaxetiya çarlığı ilə apardığı diplomatik münasibətlərin təsvir edildiyi məktublardan bəhs edir. İrəvan xanlığının münşisi olmuş Mirzə Məhəmməd Müslimin (Qüdsi) həmin məktublardan ibarət farsca külliyatı sonradan rus qafqazşünası K.N.Smirnov tərəfindən rus dilinə tərcümə olunmuşdur. Həmin külliyat Musa Quliyevin Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində qafqazşünas K.N.Smirnovun  şəxsi fondunda apardığı axtarışlar nəticəsində əldə olunmuşdur. Beləliklə, XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana və onun oğulları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktublar külliyatı və İrəvan xanlarının qonşu xanlıqlarla yazışmalarına aid 116 məktub da aşkarlanaraq Naxçıvana gətirilmişdir. Həmin sənədlər İrəvan xanlığının  tarixi, eləcə də qonşu xanlıqların və digər Azərbaycan xanlıqlarının tarixi ilə bağlı əsaslı və etibarlı mənbədir. Əldə olunan məktublar nəinki İrəvan xanlığının, həm də digər Azərbaycan xanlıqlarının Türkiyə ilə saxladıqları diplomatik əlaqələrin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Kitab Qərbi Azərbaycanın – İrəvan xanlığının tədqiqi ilə məşğul olan tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.


AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 09.07.2024 21:46