AZ EN RU

İranda təhlükəsizlik xidmətinin onlarla əməkdaşı saxlanılıb

İranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə əlaqədar təhlükəsizlik xidmətinin iyirmidən çox əməkdaşı saxlanılıb.

"Şərq qapısı" xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında yüksəkrütbəli kəşfiyyat zabitləri, həmçinin İsmayıl Haniyənin Tehranda qaldığı qonaq evinin işçiləri var.

Qəzetin mənbələrinin məlumatına görə, İran kəşfiyyatı “Mossad” (İsrailin kəşfiyyat xidməti) tərəfindən ələ alınan agentlərin hələ də ölkədə olduğunu düşünür.

Xatırladaq ki, iyulun 31-də İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə qaldığı qonaq evinə endirilən raket zərbəsi nəticəsində həlak olub. HƏMAS qətldə İsrail və ABŞ-ı günahlandırıb.

“New York Times” qəzetinin yazdığına əsasən, İsmayıl Haniyənin qətlindən sonra İranın ali dini lideri Əli Xamenei İsrailə birbaşa zərbələrin endirilməsi barədə göstəriş verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani beynəlxalq hüquqa uyğun olaraq Tehranın İsrailə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, hücum ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilib.

Nəşr edilib : 03.08.2024 12:30