AZ EN RU

“İqlim-yaşadığım şəhərin havası” adlı onlayn-virtual beynəlxalq rəsm sərgisi açılıb

Naxçıvan Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İqlim-yaşadığım şəhərin havası” adlı onlayn-virtual beynəlxalq rəsm sərgisi təşkil olunub. 
Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı keçirilən onlayn-virtual tədbiri Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açıq elan edib. Qeyd olunub ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı, yarıməsrlik yaşını ötmüş Naxçıvan Rəssamlar Birliyi və Azərbaycan Rəssamlar İttifaqı bir çox maraqlı tədbirlərə imza atıb. Azərbaycan bu gün qlobal problemlərə toxunan, dünya ölkələrini birləşdirən, sülh və əmin-amanlığa çağıran tədbirlərin qovuşduğu önəmli məkanlardan biridir. Ölkəmiz, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsində zəngin təcrübəsi olan ölkə kimi də tanınır.
Azərbaycan ən böyük tədbirlərdən biri olan COP29-a ev sahibliyinə hazırlaşır və bu hazırlığın nə qədər məsuliyyətlə və dəqiqliklə həyata keçirildiyini yalnız biz deyil, hətta digər ölkələr də müşahidə və müzakirə edirlər.
Onlayn-virtual sərginin keçirilməsində məqsəd Naxçıvan Rəssamlar Birliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək naminə rəssamların da bu layihədə birlik göstərmələridir. 
Qeyd edək ki, 18 ölkənin iştirak etdiyi onlayn-virtual sərgiyə 68 rəssam iştirakçı qismində qatılıb.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 11.08.2024 22:26