AZ EN RU

İnformasiya əldə etmək hüququnun təmin edilməsi diqqət mərkəzindədir

İyulun 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müvəkkil tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Culfa Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları iştirak edib.
Culfa Rayon İcra Hakimiyyətinin sektor müdiri Mübariz Möhsünov və Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov giriş nitqi ilə çıxış edərək tədbirin mahiyyəti, ölkəmizdə, o cümlədən muxtar respublikamızda informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.  
Müvəkkil aparatının əməkdaşı Sadiq Babayev "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) – məhkəmədənkənar müdafiə mexanizmi kimi" mövzusunda çıxış edərək ombudsmanın fəaliyyətinin əsasları, o cümlədən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi barədə danışıb.
Sonra aparatın əməkdaşı Elnarə Hüseynova "İnformasiya əldə etmək hüququnun təmin edilməsi" mövzusunda slayd vasitəsi ilə çıxış edərək müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, bələdiyyələrin və onların vəzifəli şəxslərinin müvafiq qanunvericiliyin tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bülbül Quliyeva

Nəşr edilib : 11.07.2024 16:01