AZ EN RU

İğdırda Qərbi Azərbaycan mövzusuna həsr olunmuş poeziya gecəsi keçirilib

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Arazdan Xəzərə əsən yellər” poeziya gecəsində əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. 

Tədbiri Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar açaraq bildirib ki, tarixən əcdadlarımız Araz çayının sahillərindəki kəndlərdə yaşayıblar. Amma erməni daşnaklarının xalqımıza qarşı apardığı soyqırımı və deportasiya siyasəti nəticəsində ötən əsrin əvvəllərindən başlayaraq ata-babalarımız Arazın bu sahilinə – Türkiyəyə köçməyə məcbur qalıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış konsepsiyası”nı elan etməsindən sonra biz də keçmişimizi yad etmək, tarixi torpaqlarımıza qayıdışı özündə əks etdirən tədbirlər təşkil edirik. “Arazdan Xəzərə əsən yellər” poeziya gecəsi də bu tədbirlərdən biridir. 

Qərbi azərbaycanlıların köç xatirələrini 1980-ci ildə 1700 şahidin dilindən qələmə alan Ziya Zakir Acar qeyd edib ki, təkcə bu xatirələrdən yüzlərlə roman yazmaq olar. Kaş ki, hər kəs öz ata-babalarının söylədikləri xatirələrini qələmə alardı. 

Tədbirdə İğdırın şair, yazıçı və tarixçilərindən Əli Dəmirəl, Fəxrəddin Məsum Budaq,  Tolqa Kənan Araz, Allahverdi Akyüz, Səfər Ağdaş, Cəfər Zor şeir söyləməklə yanaşı, Qərbi Azərbaycanla bağlı tarixi məlumatları, ata-babalarının acı xatirələrini də iştirakçılarla bölüşüblər. 

Görüşdə Türkiyə Dövlət İşçilərinin İnkişaf və Həmrəylik Fondunun (TÜRKAV) İğdır üzrə rəhbəri Qurban Parlar, İğdır Turan Dövlətləri Şöbəsinin sədri İsmayıl Atəş, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu  çıxış edərək Qərbi Azərbaycandan zorla qovulmuş insanların acı xatirələrindən, tarixi torpaqlarımızda azərbaycanlılara məxsus tarixi tikililərin, həmçinin qəbirstanlıqların yox edilməsindən, Türkiyə və Azərbaycanda isə əksinə bütün bunların qorunub saxlanılmasından bəhs ediblər.

Nəşr edilib : 23.07.2024 18:46