AZ EN RU

İcraçı direktor: Paytaxtımız müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib

Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən Qurultay müstəqillik hərəkatlarının tarixində ilk dəfə təşkil olunur. Müasir dövrdə bu cür genişmiqyaslı tədbirlər nadir hallarda baş tutur. Bakı Təşəbbüs Qrupu olaraq biz bu Qurultayı təşkil etməklə müstəqillik hərəkatlarının təşəbbüslərinə və istəklərinə dəstək verməyi qarşıya məqsəd qoymuşuq.

Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

A.Abbasov bildirib ki, paytaxt Bakı artıq müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. “Bu Qurultay da həmin müzakirələrin beynəlxalq platformasına çevriləcək. Fransa polisi tərəfindən həbs olunmuş yeni Kaledoniyadakı müstəqillik tərəfdarlarına, siyasi məhbuslara və onları müdafiə edən vəkillərə maddi yardım ayırmağı nəzərdə tutmuşuq. Digər ölkələrə də bu kimi yardımlar göstəriləcək. Təhsil və ailələrə gəlincə, Azərbaycan ali təhsil müəssisələrində bu regionlardan olan gənclərə xüsusi təqaüdlər ayırmaq niyyətindədir”, - deyə o əlavə edib.

İcraçı direktor qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-da müstəmləkə dövlətlərindən olan nümayəndələrin iştirakı nəzərdə tutulub. Onlara dəvətlər göndərilib və ilkin müzakirələr başlanıb. Fransanın müstəmləkəçilik siyasətindən zərər çəkən ərazilərdə ciddi ətraf mühit problemləri var. COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupu tərəfindən keçiriləcək tədbirdə bu məsələlər də müzakirə olunacaq.

Nəşr edilib : 17.07.2024 14:06