AZ EN RU

Hidayət Parisi partlatdı

Fransanın paytaxtı Parisdə keçirilən yay olimpiya oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərov 73 kiloqram çəki dərəcəsi ilə fransalı Gaba Guan Benjaminə qalib gələrək olimpia çempionu oldu. Mən buna 16 illik ənənənin davamı deyərdim. 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən olimpiya oyunlarında da cüdo üzrə qızıl medalı ölkəmizə Elnur Məmmədli gətirmişdi. Bu tarixlərə diqqətlə nəzər salsaq, 16 illik bir vaxt fərqini görərik. Ən maraqlısı da budur ki, 1992-ci ildə Barselonada keçirilən olimpiya oyunlarında qalib gələrək Azərbaycana cüdo üzrə ilk qızıl medalı gətirən cüdoçumuzda Elnur Məmmədlinin Pekində çempion olduğu tarixdən 16 il əvvələ təsadüf edir. Hidayət Heydərov ölkədaxili turnirlərdə məğlub olsa idi, bəlkə də, itirəcək heçnəyi yox idi, amma dünya ictimaiyyəti arasında, üstəlik fransız rəqibə qarşı qalib gəlmək onun üçün çox vacib idi. Oyun çox həyəcan dolu keçirdi, sanki bütün oyun 3 saniyənin içərisində baş tutdu. 5 dəqiqə 22 saniyənin içərisində rəqibinin kürəyini yerə vurmağı bacaran cüdoçumuz 5 dəqiqə 23 saniyənin içərisində olduğumuzda artıq çempionluqdan əmin bir şəkildə, bir azda həyəcanla hakimin gözlərinin içinə baxaraq uzandığı yerdən hakimin qərarını gözləyirdi. Budur, hakimin əli qalxdı. Artıq oyunun 5 dəqiqə 24-cü saniyəsində hakimin qərarı cüdoçumuz xeyrinə oldu. Təmiz qələbə. Hidayət Azərbaycana tək qızıl medalı yox, beynəlxalq arenada cüdo sahəsində nələrə qadir olduğumuzu da dünyaya göstərdi. Qürurverici olan tək qızıl medal deyildi. Parisdə səslənən himnimizin sədaları altında dayanan bayrağımız və Hidayət Heydərov bir vaxtlar bizi kiçik bir ölkə kimi görən, rişxəndli baxışlarla süzən ölkələrin əhaliləri tərəfindən izlənirdi. Bu bizim üçün əsl qələbə demək idi. İstər siyasi arenada, istərsə də idman sahəsində nələrə qadir olduğumuzu bir daha sübut etdik. Cüdoçumuzun verdiyi müsahibədə də dediyi kimi: “Kolleksiyanı tamamladım”. Həmin üç saniyə ərzində baş tutanlar bütün Azərbaycanı yerində oturmağa qoymadı. Öz oğlunun sevincinə sanki özü qalib gəlmiş kimi sevinən Hidayətin atası və ailə üzvlərinin görüntüləri də gələn olimpiya oyunlarına qədər heç kəsin inanmıram ki, yaddaşından silinsin. Nəinki Azərbaycan mətbuatı, həm də dünya mətbuatı və türk mətbuatına bu çempionluq dərindən iz qoydu.

Ölkə başçısı cənab İlham Əliyevin də maraq sahələrindən biri ölkəmizdə cüdonun inkişaf etdirilməsi və gənclərə bu sahədə yol açmaqdır. Müxtəlif illərdə bir neçə dəfə cənab Prezidentin Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerini qəbul etməsi bu inkişafın və diqqətin bariz nümunəsidir. Həmin diqqətin göstərilməsinə olimpiya oyunları zamanı da şahid olduq. Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva tərəfindən çempionumuzun telefon vasitəsilə təbrik olunması, sosial mediada səs salan paylaşımlar insanları daha da fərəhləndirirdi. Mehriban Əliyeva öz paylaşımı ilə demək olar ki, bütün Azərbaycanın dilində olan o sədanı ortaya qoydu. “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”

Rafiq TƏHMƏZ,

Naxçıvan Dövlət Universiteti, Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 30.07.2024 11:28