Ümummilli lider Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı mühüm yer tutub. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olub. Əsası ulu öndər tərəfindən qoyulan bu ideya Naxçıvan Muxtar Respublikasında da ölkə başçısı tərəfindən uğurla həyata keçirilir, savadlı, intelktual yüksək biliyə malik gənclər formalaşır. Bu gün muxtar respublikada ümumtəhsil məktəbləri ilə yanaşı məktəbəqədər təhsil müəssisələri üçün də müasir tədris şəraiti yaradılıb.
Ümummilli liderin adını daşıyan Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi də ulu öndərin ideyalarının gerçəkləşdirildiyi uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafında mühüm rola malik olan təhsil müəssisələrindən biridir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzdə 41 dərnəyə 2 mindən artıq şagird cəlb olunub. Dərnəklərə sağlamlıq imkanları məhdud uşaqların cəlbi də bu kataqoriyadan olan uşaqların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub.
Uşaq və yeniyetmələrin asudə vaxtlarının mənalı təşkili üçün mərkəzdə 26 dərnək otağı, şahmat sinifi, idman, gimnastika, boks, rəqs, iclas zalları yaradılıb, kompüter avadanlıqları və internet şəbəkəsi ilə təmin olunub. Mərkəzin kitabxana fondunda 3 minə yaxın kitab vardır. Burada şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması üçün ardıcıl tədbirlər görülür, müzakirələr aparılır.
Mərkəzdə 2020-ci ildə “İnnovativ dərnəklər” layihəsi çərçivəsində 22 adda innovativ dərnəklər yaradılıb. Həmin dərnəklərdən Mental aritmetik dərnəyi şagirdlərdə sürətli və dəqiq şəkildə hesablama bacarığının artırılmasında, onlarda riyazi təfəkkürün inkişafında, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsinin formalaşdırılmasında mühüm rol oynayır. STEAM dərnəyində dərnək üzvləri praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Sürətli oxu dərnəyi isə uşaqlarda daha az zaman ərzində daha çox məlumat öyrənmək, oxunulan məlumatları uzun müddət yadda saxlaya bilmək vərdişlərinin inkişafına stimul yaradır. Mərkəzdə yaradılan Robotexnika dərnəyində şagirdlər dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı əldə edirlər. Onlarda mühəndisliyə maraq yaranır, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəetmə bacarığı formalaşır, proqramlaşma üzrə bilikləri artır. Memarlıq-dizayn dərnəyi isə dərnək üzvlərində mühəndislik bacarıqlarının formalaşmasına, onların düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihələrin hazırlanmasına geniş imkanlar açır. Mərkəzdə Dulusçuluq, Metal üzərində bədii döymə, Ağac üzərində yandırma, Heykəltaraşlıq və Xalçaçılıq dərnəklərində gənclərə xalq yaradıcılığı nümunələri, dekorativ tətbiqi sənətin sirləri öyrədilir. Gimnastika və digər idaman növlərinə aid dərnəklərdə uşaqların müxtəlif idman növlərinin sirlərinə yiyələnməsinə və fiziki cəhətdən sağlam formalaşmalarına töhfə verir.
Mərkəzdə yaradılan “Gənc Heydərçilər” dərnəyi isə şagirdlərin ümummilli lider Heydər Əliyev irsinin öyrədilməsində mühüm rol oynayır.
Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Tədbirlər Planı da hazırlanıb. Tədbirlər Planına uyğun olaraq dərnək üzvlərinin əl işlərindən ibarət sərgisi, şeir, inşa yazı müsabiqələri, müxtəlif idman növləri üzrə yarışlar, konsert proqramları təşkil olunur.
Bəli, uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi bu gün ulu öndərin ideyalarının gerçəkləşdirildiyi bir təhsil müəssisəsi olmaqla yanaşı, onların yaradıclıq qabilliyətlərinin üzə çıxarıb inkişaf etdirilməsində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti