AZ EN RU

Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında bir axşam...

Bu ünvan şəhərimizin mərkəzində, avtomobillərin hər gün fasiləsiz hərəkət etdiyi magistral yolun kənarında yerləşir. Günün erkən saatlarında sakitliyə bürünsə də, axşama doğru, Günəşin zərrin şəfəqləri Araz çayı üzərindən qüruba sığınanda cansıxıcı sükut öz yerini insanda müsbət enerji yaradan səs-küyə verir. Uşaqların şən-şaqraq gülüşləri qocaların, cavanların təbəssümünə qarışır, bu səmimi gülüşlərin ətrafa yayıldığı həmin saatlarda neçə-neçə adaxlı gənc eyni məkanda görüşür – fəvvarənin kənarında. Neçə-neçə həvəskar yeniyetmə, tələbə böyük şövqlə kiçik qayıqlara minib parkı dövrəyə alan kanalın seyrinə çıxmaq üçün eyni yerdə dayanır. Bəzən dəqiqələrlə, saatlarla kanalın ətrafı insanlarla dolu olur. Onlar həvəslə öz sıralarını gözləyir, növbə onlara gəlib çatanda isə kiçik qayıqlara əyləşib illərdir, gəzib-dolaşdıqları bu parkı fərqli baxış bucağından izləməyə başlayırlar. İlin bu dövrlərində yerli və əcnəbi qonaqları da həmin ünvanda görmək mümkündür. Bir sözlə, xatirələrlə zəngin olan bu ünvan 50 ilə yaxındır ki, doğma naxçıvanlılarla birgə şəhərimizin qonaqlarının cisminə, ruhuna dinclik bəxş edir…

Ailə böyüklərindən eşitmişəm ki, Naxçıvan şəhərində yaradılan ilk əyləncə ünvanı məhz bura olub; indiki adı ilə desək, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı. Ərazisi çox böyük olmasa da, may ayından ta ki payızın sərin mehi duyulana qədər insanlarla dolu olur, necə deyərlər, ünvanları öz ağuşuna alır. Burada istənilən yaş qrupundan olan insanları görmək mümkündür: uşaq, yeniyetmə, yaşlı, ahıl, qoca…

Qeyd edək ki, bu istirahət məkanı 2009-cu ildə əsaslı şəkildə bərpa edilib və 4,7 hektarlıq park xüsusi layihə əsasında yenidən qurulub. Burada musiqili fəvvarə və şəlalə kompleksi qoyulub, karusel və attraksionlar quraşdırılıb, həmçinin kanalda qayıqla gəzinti üçün şərait yaradılıb, o cümlədən dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yeniləşdirilib. Parkın baştağı isə yenidənqurma işlərindən sonra cəlbedici görkəm alıb.

Parkı gəzib dolaşdıqca bir-birindən maraqlı mənzərələrə şahid oluruq. Və gördüklərimiz onu söyləməyə əsas verir ki, ötən illərlə müqayisədə burada müxtəlif xidmət sahələrinin, əyləncə guşələrinin, istirahət yerlərinin sayı daha da artıb. Bu da uşaqların parka daha çox maraq göstərməsinə, o cümlədən böyüklərin vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır. Parkda bir neçə şəhər sakininə yaxınlaşıb həmsöhbət oluruq. Müsahibimiz Sona Hüseynova deyir: “Yay tətili başladığı gündən etibarən, hər həftəsonu övladlarımı parka gəzməyə gətirirəm. Şəhərimizdə uşaqlar üçün əyləncə ünvanları çoxdur, parklar kifayət qədər var, lakin bu məkan mənim və övladlarımın daha çox xoşuna gəlir. Vaxtımızın, təqribən bir-iki saatını burada keçiririk. Gəzintimiz yekunlaşanda isə parkın yuxarısında yerləşən, hər kəsin “Şəlalə” dondurma yeri kimi tanıdığı məkana gedirik. Oranın dondurması çox məşhurdur. Xatırlayıram ki, mən də uşaq olanda atam, anam məni bura oynamağa gətirərdilər. Bu məkanın mənim kimi bir çoxlarında yaddan çıxmayan xatirəsi var”.

Digər bir müsahibimiz, 65 yaşlı Bayram Ələkbərovun sözlərinə görə, bu park yalnız indi yox, elə 30-35 il bundan öncə də şəhər sakinlərinin ən çox üz tutduğu ünvanlardan biri, hətta birinci olub: “Bu parkın tikilib istifadəyə verildiyi illəri yaxşı xatırlayıram. Şəhər sakinləri böyük maraqla bura üz tutar, gəzər, vaxtlarını səmərəli keçirər, imkan tapdıqda xatirə şəkli çəkdirdilər. İmkan tapdıqda ona görə deyirəm ki, sözügedən illərdə şəhərimizdə fotoqraf tapmaq çox çətin idi, mobil telefonlar, demək olar ki, yox səviyyəsində idi. İndi şəhərimizin hansı tərəfinə baxsan, gənc fotoqraflar əllərində fotoaparatları ilə şəkil çəkir, video hazırlayır, bir sözlə, çörək pullarını bu yolla qazanırlar. Onu da deyim ki, həmin illərdə çəkilən şəkillərdən mənim xatirə albomumda da var. Xatırlayıram ki, o zamanlar pionerləri məktəbdən bura gəzməyə gətirirdilər. Əyinlərində ağ köynək, boyunlarında qırmızı qalstuk, qızların qara rəngli ətəyinin qarşısında ağ önlük, oğlanların qara rəngli xüsusi məktəb kostyumu parka fərqli gözəllik verirdi. O zamanlar indi olduğu kimi, kanalda qayıqlar üzürdü, ancaq onlar sovet dövründə istehsal edilən kiçik, motorlu qayıqlar idi. Bununla yanaşı, parkın mərkəzində karusel də var idi. İndi parkın görkəmi bir xeyli dəyişib, ancaq hələ də bura üz tutanların sayı azalmayıb, əksinə, günü-gündən artır.

İllər gəlib keçsə də, bu ünvanın – Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının sadiq qonaqları onu unudulmağa, yaddaşlardan silinməyinə icazə vermir. Böyüklər sanki bir adət kimi bu məkana tez-tez gəlir. Onlar öz övladlarına uşaqlıq illərindən danışarkən bu parkda qaçıb oynadıqları günləri xatırlayır, yaşlı nəsil buranın hər guşəsini qarış-qarış gəzdikdə gənclik illəri gözləri qarşısından kinolent kimi keçir. Parkın görkəminə, o cümlədən bura üz tutan insanların çöhrəsinə tamaşa etdikcə isə qeyri-ixtiyari bu fikirlər keçdi ağlımdan: insanın cisminə, ruhuna dinclik verən dağ, daş, park-xiyaban, ya da sevgilinlə tamaşa etdiyin fəvvarənin o aramsız axan suyu deyil. İnsanın cismindəki yorğunluğu, ruhundakı süstlüyü bir anın içində aradan qaldıran ömrünün ən xoş günlərini keçirdiyi, doyunca deyib-güldüyü, sevdikləri ilə doyunca vaxt keçirdiyi günlərin şirin xatirəsidir…

          Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 30.07.2024 12:34