AZ EN RU

Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir

Ulu Öndər Heydər Əliyev: “Mən üç il Naxçıvanda yaşamağımı və sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm”.

Prezident İlham Əliyev: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq.Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü bax bu inkişafda təcəssüm etdirir”.

Dahi şəxsiyyəti ilk dəfə ötən əsrin 90-cı illərinin çətin günlərindən birində Şərur şəhərinin mərkəzində yerləşən Azadlıq meydanındakı mitinqdə görmüşdüm. Meydanda minlərlə insan, izdiham var idi. Ulu Öndər qəti addımlarla meydanın ortasına gəlib kürsüdə öz yerini tutub hamını salamladığı anda meydana sükut çökdü. Hamı susdu, hər kəsin diqqəti Ona yönəldi. Dediyi hər cümlə alqışla qarşılanırdı. İnsanların sevincinin həddi-hüdudu yox idi. Hər kəs onu yaxından görmək, dediklərini eşitmək istəyirdi. Dahi rəhbər çıxışını bitirdikdən sonra meydana toplaşan insanlarla, Sədərəkdə gedən şiddətli döyüşlərdə iştirak etmək istəyənlərlə söhbət etdi. İnsanlar Ona böyük ümid bəsləyir və bütün çətinliklərdən Ulu Öndər Heydər Əliyevin köməyi ilə çıxacaqlarına inanırdılar. Bu həmin vaxtlar idi ki, Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına müqavimət göstərir, torpaqlarımız igid oğulların şücaəti, canı-qanı bahasına qorunurdu. Digər tərəfdən isə qədim yurdumuzun blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində, ölüm-dirim mübarizəsi də deyə bilərdik. Bütün bunlara baxmayaraq, qazandığımız müstəqilliyi itirmə­məyə səy göstərir, torpağımızı qoruyur, bir addım belə geri çəkilmirdik. Böyük dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, bütün məsələlərin öz həllini tapacağına inanırdılar. Naxçıvan sakinləri ilə bərabər, qazsız, işıqsız, soyuq, şaxtalı günlərdə çıraq işığında yaşayıb gərgin əmək sərf edərək böyük nailiyyətlərin təməlini atdı yurdumuzun dahi oğlu. 

    Burada müasir Azərbaycanın  təməli atıldı

Ümummilli Liderimiz Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib. O, gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Təkcə muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail olundu. Və bunu görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Onun Bakıya qayıdışı xalqın sevincinə səbəb oldu. 1993-cü ilin iyununda paytaxta qayıdaraq həmin il oktyabrın 3-də keçirilən prezident seçkisində 97,6 faiz seçici fəallığı ilə Ulu Öndər səslərin 98, 8 faizini alaraq Azərbaycan Prezidenti seçildi.

    Bir an belə doğma Naxçıvanı unutmurdu

Ümummilli Lider sovetlər dönəmində belə Naxçıvanı daim diqqət mərkəzində saxlayırdı. SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə doğma Naxçıvanı unutmayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək demişdir: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”. 
1969-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə yüksəlib. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1969-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq tədbirləri hesabına Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Həmin dövrdə dahi rəhbər ermənilərin Naxçıvan iddialarına qarşı ciddi mübarizə aparıb. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başlayıb, meydanı boş görən ermənilər çirkin iddialarını daha yüksək səslə səsləndiriblər. Görkəmli dövlət xadimi Moskvada rahat yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də o, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər.

    Naxçıvanın xilası və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ümummilli Liderimiz ölkə başçısı olduğu illərdə də Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Həmin illərdə qədim diyarda aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci ilin iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı. Hər bir səfərdə burada görülən işləri yüksək qiymətləndirən dahi rəhbər 1990-93-cü illərdə burada yaşadığı günləri xatırlayırdı. Son səfərində dediyi “1990-93-cü ildə sizlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam” sözləri naxçıvanlıların yaddaşına əbədi yazılıb.

    Ürəyi həmişə Naxçıvanla döyünürdü

Dahi şəxsiyyətin qədim diyarın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də Naxçıvanın muxtariyyətinin qorunub saxlanılması olmuşdur. 
1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Ulu Öndər­in imzaladığı “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” 1999-cu il 4 fevral tarixli Fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-nin tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”. Bu isə məhz Ulu Öndər Heydər Əliyevin arzularındakı Naxçıvandır. Dahi şəxsiyyətin siyasi xəttinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Vətən naminə çəkilən gərgin əmək və misilsiz əzmkarlığın nəticəsində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir. 

    Naxçıvanın inkişafına əvəzolunmaz töhfə

Ötən illər ərzində zaman bir daha böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. Ulu Öndərimizin əsasını qoyduğu siyasətin, nurlu yolun uğurla davam etdirilməsi bizə Vətən müharibəsində Böyük Qələbəni bəxş etdi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, torpaqlarımızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. 
Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir. Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, Ümummilli Liderimizin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Məhz Ulu Öndərin siyasəti sayəsində bölgənin inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr qurulmuş, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafında möhkəm bünövrə formalaşdırılmışdır. Yeni eraya qədəm qoyduğumuz dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə cəmləşdirir. 
Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək.

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 03.08.2024 10:14