AZ EN RU

Halal zəhmətlə incə sənətin şirin bəhrəsi

    Bu il də muxtar respublikamızda müxtəlif sahələrdə çalışan insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Biz də təltif edilən və uğur qazananların  bir neçəsi ilə həmsöhbət olduq, təəssüratlarını öyrəndik.
    Ramazan Rzayev 1970-ci ildə Ordubad şəhərində doğulub. Azərbaycan Texniki Universitetini bitirib, 2000-ci ildən Ordubad Rayon Elektrik Şəbəkəsində çalışır. Onun dediklərindən: – Hər bir dövlət işçisinin, hər bir məmurun uğuru, onun öz çalışdığı sahədə əldə etdiyi nailiyyətləri, gördüyü işlərin müsbət sonluqla nəticələnməsidir. Əgər yayın qızmar istisində, qışın qarlı-şaxtalı, soyuq, küləkli günlərində təkcə rayon mərkəzi deyil, ucqar dağ kəndlərimiz belə fasiləsiz elektrik enerjisi ilə təmin olunursa, vətəndaşlarımız elektrik sarıdan çətinliklə qarşılaşıb əziyyət çəkmirsə, elə bu mənim və çalışdığım kollektivin uğurudur. Düşünürəm ki, bu bizim dövlətimizin qarşımızda qoyduğu tələbə, işə məsuliyyətlə yanaşmağımız, bütün problemləri vaxtında aradan qaldırmaq, işimizi günün tələbləri səviyyəsində qurmaq nəticəsində əldə etdiyimiz uğurdur. 2022-ci il, deyərdim ki, mənim həyatımda ən uğurlu, ən yaddaqalan il oldu. Çünki hər bir sahədə çalışan vətəndaşın arzusudur ki, onun gördüyü işlər, göstərdiyi xidmət dövlətimiz tərəfindən bəyənilsin, mükafatlandırılsın. Neçə illərdir ki, dövlətimizə sədaqətlə, yorulmadan xidmət etməyə çalışmışam. Bacardığım qədər əlimdən gələni etməyə, dövlətimiz tərəfindən qarşıya qoyulan hər bir işi layiqincə icra etməyə səy göstərmişəm və düşünürəm ki, bunu müəyyən qədər bacarmışam ki, dövlətimiz də çəkdiyim zəhmətin qarşılığında ötən il məni mükafatlandırıb, “Tərəqqi” medalına layiq görüb. Bu hamının arzusunda olduğu bir hissdir, sevincdir. Mən də bu sevinci yaşadım. Bunun üçün Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

    Torpaq mülkiyyətçisi Nüsrət Qurbanov 1960-cı il dekabrın 12-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. O dedi: – Uzun illərdir, kənd təsərrüfatı ilə məşğulam. Təsərrüfatımızda taxıl, qarğıdalı, tütün yetişdiririk. Ötən il hər hektardan 3 ton taxıl, 2 ton tütün məhsulu əldə etmişəm. Yaradılan şərait, verilən müasir texnika və vaxtında həyata keçirdiyimiz aqrotexniki tədbirlər yüksək məhsuldarlığa nail olmaq üçün mühüm amillərdir. Dövlətimiz tərəfindən əkin sahələrinin su və mineral gübrələrlə təminatının ildən-ilə yaxşılaşdırılması, kreditlər ayrılması, dövlət tərəfindən hər hektar üçün subsidiyaların ödənilməsi, əməyimizin qiymətləndirilməsi torpaq mülkiyyətçilərinə böyük stimuldur. 2022-ci il mənim üçün də uğurlu il oldu. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərimə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edildim. Bu, dövlətin zəhmətkeş insanlara göstərdiyi xüsusi qayğının ifadəsidir. Bundan sonra da dövlətimizin, xalqımızın rifahı üçün çalışacağıq. 

    1981-ci ildə Culfa rayonunda anadan olan Qızxanım Hüseynova hazırda Culfa şəhər 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimidir. Məşğul olduğu dekorativ-tətbiqi sənət sahəsi ağac üzərində oyma və yandırmadır: – On ildir ki, bu sənətlə məşğulam. Ailəmin köməyi ilə bu işə başladım. Nəsildən-nəslə ötürülərək bu günədək qorunub saxlanılan sənətlərdən biridir bədii oyma. Ağac üzərində oyma bu sənətin ən qədim və geniş yayılmış növlərindən biri olmaqla daş, ağac, sümük və başqa materiallar üzərində işlənilir. Bədii oyma sənəti insandan böyük zəhmət, bacarıq, dəqiqlik tələb edir. Sevindiricidir ki, bu gün qədim diyarımız Naxçıvanda bu sənət növünü yaşadanlar, inkişaf etdirənlər vardır. Onlardan biri də mənəm. Fəaliyyətimi genişləndirmək və inkişaf etdirmək üçün Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin iştirakçısı olmuşam. Bir sıra təlimlərdə uğurla iştirak etmişəm. Təlimlərin sonunda mənə sərmayə kapitalı verilib. Bu sərmayə ilə fəaliyyətimizi genişləndirmək üçün lazımi avadanlıqlar, alətlər almışam. Muxtar respublikada təşkil edilən bir çox sərgilərdə əl işlərim nümayiş olunub. Ötən il Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda da uğurla iştirak etdim, işlərimin satışı həyata keçirildi. Burada “Ən yaxşı əl işi” müsabiqəsində dekorativ-tətbiqi sənət nominasiyası üzrə 1-ci yerə layiq görüldüm. Əlbəttə ki, bu uğur özünəinam hissinin artırılmasında, fəaliyyətimi genişləndirməkdə mühüm rol oynayır. Hazırda Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində ağac üzərində oyma və yandırma dərnəyində şagirdlərə bu dekorativ-tətbiqi sənətin sirlərini öyrədirəm. Mənim kimi müəyyən sahələrdə bacarıqlı, qabiliyyətli qadınların fəaliyyətinə yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirir, gələcək nəsillərin milli xalq sənəti nümunələrini mənimsəmələri üçün əlimdən gələni edəcəyimə söz verirəm. 


Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 11.01.2023 10:33