AZ EN RU

Hacıvar kəndində yeni məktəb binasının inşasına başlanılıb

Bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Bu tədbirlərin davamı olaraq Babək rayonunun Hacıvar kəndində 456 şagird yerlik məktəb binasının inşasına başlanılıb. 
İki mərtəbədən ibarət olacaq məktəbdə 4-ü elektron lövhəli olmaqla, 20-ə yaxın sinif otağı, STEAM və  hərbi kabinetlər, kimya, biologiya və fizika laboratoriyaları, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, yeməkxana,   idman zalı və açıq idman qurğuları, oyun meydançası  yaradılacaq. Naxçıvanda əvvəllər inşa olunan məktəb binalarından fərqli dizayında və  müasir üslubda, tam tikinti normalarına uyğun olaraq inşa olunacaq  binada qazanxana həyətyanı ərazidə yerləşdiriləcək. Məktəbdə müasirtipli peşə təmayüllü siniflər,  akt zalı və xarici dil kabinetinin  yaradılması da  nəzərdə tutulub. Hazırda binanın təməlində qazıntı işləri aparılır.  
Qeyd edək ki, 252 şagird yerlik Hacıvar kənd tam orta məktəbinin əvvəlki binasının 2005-ci ildə  inşa olunmasına baxmayaraq   layihəsinin yararsız olması,  inşaat işlərinin keyfiyyətsiz aparılması səbəbindən binada   qəzalı vəziyyət yaranmış, istismara yararsız olduğu üçün müvafiq qurumların rəyinə əsasən 2023-cü ildə  söküntüsü həyata keçirilmişdir.

Nəşr edilib : 17.07.2024 16:38