AZ EN RU

Hacıbəyovların Naxçıvanda mədəni həyatın inkişafında rolu

Qədim Naxçıvan torpağında böyük sənət adamları, ustad ifaçılar, görkəmli səhnə ustaları mədəniyyət tariximizi inkişaf etdirməyə nail olmuşlar. Naxçıvan teatrının ilkin dövrlərində əvəzsiz xidmətlər göstərən Hacıbəyovlar nəslinin adı muxtar respublikamızın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır. Hacıbəyovlar nəslinin ilk nümayəndəsi maestro Niyazinin atası Zülfüqar Hacıbəyli 1909-cu ildə Naxçıvanda qastrol səfərində olmuşdur. 1910-cu ilin sonunda yenidən Naxçıvana gəlib, buranın mədəni həyatı ilə maraqlanmış və Üzeyir Hacıbəylinin “Məşədi İbad” əsərini tamaşaya qoymuşdur. O vaxtdan başlayaraq mütəmadi olaraq Zülfüqar Hacıbəyli özünün və Üzeyir bəyin, eləcə də dövrün tanınmış sənətkarların əsərlərini Naxçıvan teatr turuppasının əməkdaşlarının köməyi ilə tamaşaya qoyaraq xalqla teatr arasında sıx əlaqə yaratmağa nail olmağa çalışmışdır.
Zülfüqar Hacıbəyli Naxçıvan teatrında yerli truppa ilə Üzeyir Hacıbəylinin “Məşədi İbad”la yanaşı, özünün “Əlli yaşında cavan” əsərini də səhnələşdirərək yerli əhali arasında teatra maraq oyadırdı. Onu da qeyd edək ki, bəstəkar özünün “Evliykən subay” operettasını Naxçıvanda olarkən tamamlamış və bu əsər 1912-ci ilin mart ayında Naxçıvan teatr səhnəsində tamaşaçılara təqdim edilmişdir. O da vurğulanmalıdır ki, 1910-cu illərə qədər Azərbaycan qadınlarını teatrda görmədiyimiz bir halda Naxçıvanda qadınlar üçün təşkil edilmiş teatr salonu həmişə başdan-başa zərif cinsin nümayəndələri ilə dolu olmuşdur. Sözsüz ki, bu, Hacıbəyovların xalq arasında teatra həvəs yaratması və təbliğ etmələri ilə yanaşı, həm də xalqın Hacıbəyovlar nəslinə olan dərin hörmət və məhəbbətdən irəli gəlirdi. Zülfüqar Hacıbəyli təkcə teatrda əsərlərin tamaşaya hazırlanması ilə deyil, səhnə əsərinin canlı şəkildə tamaşaçıya çatdırılmasında mühüm rolu olan musiqi ifaçılığını nəzərə alaraq Naxçıvanda Şərq musiqisindən ibarət müsamirələr də keçirirdi. O, xalq çalğı alətləri ifaçıları ilə mütəmadi olaraq məşqlər aparır, eyni zamanda dram dərnəyi üzvlərinin musiqi təliminə böyük diqqət yetirirdi.
Məşhur müəllim və yazıçı Rəşid bəy Əfəndiyev 1917-ci ilin sonlarında Naxçıvanda qızlar məktəbinin müdiri vəzifəsində çalışarkən həmin məktəbin müəllimi, qadınların maarifləndirilməsi yolunda var qüvvəsi ilə çalışan Nazlı xanım Nəcəfova və Rza Təhmasibin köməkliyi ilə qızlardan ibarət dram dərnəyi yaratdı. Bu, Naxçıvan tarixində böyük mədəni inqilab idi. 1917-ci ilin noyabr ayının 12-də cümə günü qadınlar üçün “Arşın mal alan” musiqili komediyası göstərildi. Zal qadınlardan ibarət tamaşaçı ilə dolu idi. Tamaşadakı rolları – Soltan bəyi Süsən Sultanova, Cahan xalanı Gövhər Kəngərli, Süleymanı Asya Məmmədəliyeva, Vəlini Xanım Vəzirova, Gülçöhrəni Dilbər Sultanova, Əsgəri Günəş Kəngərli, Asyanı B.Naxçıvanskaya, Tellini Fatma Şeyxova məharətlə ifa edərək tamaşaçılar tərəfindən hərarətlə alqışlanmışlar.
1917-ci il oktyabr ayının 18-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Rza Təhmasibin rəhbərliyi ilə yeni quruluşda tamaşaçıya təqdim edildi. 
Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası da Rza Təhmasibin rejissorluğu ilə uğur qazandı. Rza Təhmasibin və Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları Naxçıvan teatrının tarixinə qızıl hərflərlə yazıldı. Buna görə də 1918-ci il mart ayının 26-da “İmdad” cəmiyyətinin təşəbbüsü ilə “Ölülər” əsəri yenidən tamaşaya qoyuldu. Bu tamaşa dini xürafat nümayəndələrinin qəzəbinə səbəb olmuş, teatra aid olan əşyalara od vurub yandıraraq məktub yazıb qoymuşlar. Məktubda yazılırdı: “Bir daha “Ölülər”əsərini tamaşaya qoysanız özünüzü ölmüş bilin”.
Belə təzyiqlər teatr həvəskarlarının iradəsini qıra bilmədi. 1918-ci ildə erməni vəhşiliyinin şahidi olan Hüseyn Cavid Bakıdan Naxçıvana qayıdaraq “Rüşdiyyə” məktəbində müəllim işləməklə “Ədəbi məclis” yaratmış, Araz-Türk Cümhuriyyətinin qurulmasında yaxından iştirak etmişdir. Həmin vaxt Türkiyədən azərbaycanlıları erməni vəhşiliyindən qurtarmaq məqsədilə gəlmiş Kazım Qarabəkir paşa, eyni zamanda Naxçıvanda mədəni-maarif işləri ilə də maraqlanırdı. Bu vaxt Hüseyn Cavidin təşəbbüsü ilə Əbdülhaq Hamidin “Əşbər” adlı mənzum əsəri tamaşaya qoyulur. Tamaşa Əşbərin Makedoniyalı İsgəndərin işğalçı yürüşünə qarşı apardığı mübarizəni əks etdirir. Tamaşa göstərildikdən sonra Kazım Qarabəkir paşa çıxış edərək deyir: “Mən bir hərbçi olaraq müharibənin nə qədər fəlakətli, dəhşətli olduğunu bilirəm. Müharibə əleyhinə daha çox əsərlər yazılmasına ehtiyac vardır. Xocam Hüseyn Cavidin müharibələr əleyhinə yazdığı “İblis” adlı əsərinin olduğunu bilirəm. Şeirlə yazılan bu əsər çox gözəldir. Səhnəmizdə tamaşasını görmək arzusundayam”.
1918-ci ilin noyabr ayında türk ordusu Naxçıvanı tərk etdikdən sonra azğın ermənilər yenidən Naxçıvana hücum edib bir sıra vəhşiliklər törətdikləri kimi, mədəniyyət sahəsini də bərbad hala salmışlar. Bu dövrdə Naxçıvandakı teatr binası azğın ermənilər tərəfindən tövləyə çevrilmişdi. Buna görə də yerli aktyorlar il ərzində yalnız bir-iki tamaşa göstərə bilirdilər. “Qonşu qonşu olsa, kor qızım ərə gedər”, “Molla Cəbi” tamaşaları oynanılarkən M.Ə.Sabirin, Ə.Qəmküsarın, Ə.Nəzminin şerlərini həvəskar aktyorlar ifa edirdilər. “İmdad” cəmiyyətinin belə çıxışları xanları-bəyləri qorxutduğu üçün onlar bu cəmiyyəti bağlamağa müvəffəq oldular. 1919-cu ildə “Ümid” adlı yeni bir cəmiyyət təşkil edildi. Bu cəmiyyət çox qarmaqarışıq bir vaxtda yaradıldığından cəmi iki əsər – Ü.Hacıbəylinin “Arşın mal alan” və M.F.Axundzadənin “Hacı Qara” tamaşası səhnəyə qoyulur.
1919-cu ildə Təbrizə gedən C.Məmmədquluzadə Naxçıvandan bura köçüb gəlmiş aktyorları və tərəqqipərvər adamları başına yığaraq “Ölülər” əsərini tamaşaya qoyub əldə edilən vəsaitlə “Molla Nəsrəddin” jurnalının burada çıxarılmasına nail oldu. Tamaşadan əvvəl “Cəmiyyəti xeyriyyə” təşkilatı ilə danışıqlar aparılır. Təbrizdə səlahiyyətli olan ruhanilər, bir də şah mütləqiyyəti bu əsərin tamaşaya qoyulmasının əleyhinə idilər. Cəlil Məmmədquluzadənin ciddi səyi və Təbrizdə böyük nüfuz sahibi olan Hacı Məhəmməd Naxçıvaninin himayəsi ilə əsərin tamaşaya qoyulmasına icazə alınır. Tamaşanın rejissoru Cəlil Məmmədquluzadə idi. Əsər 1 may 1921-ci ildə Əkbər Abbasovun kirayə götürdüyü teatr binasında göstərilir, böyük qalmaqala səbəb olur. Görkəmli dramaturq öz əsərini tamaşaya qoymaqla Arazın o tayında ictimai-mədəni mühitin dirçəlməsinə, milli oyanışa, demokratik hərəkata, satirik ədəbiyyat və mətbuatın inkişafına müsbət təsir göstərmişdir. Bu illərdə Naxçıvan teatrında əsərləri tamaşaya qoyulan sənətkarların əsərlərinin məzmunları zamanın aktual problemlərini ortaya qoymaqla bərabər, maarifçilik ideyalarını da xalq arasında təbliğ edirdi. 1920-ci ilə qədər Naxçıvan teatrının məfkurə və yaradıcılıq yolu ancaq bundan ibarət olmuşdur. Bu dövrdə Naxçıvan teatrı xalq arasında mütərəqqi və demokratik qüvvələrlə, mürtəce, xalqa zidd qüvvələr arasında inadlı mübarizə aparmışdır. 
Naxçıvanın mədəni həyatında mühüm rol oynamış Hacıbəyovların yaradıcılığına günü-gündən yerli əhalidə marağın artmasını nəzərə alan Səməd Mövləvi 1922-1923-cü illərdə Üzeyir Hacıbəlinin “Əsli və Kərəm” , “Leyli və Məcnun”, “Şah Abbas və Xurşidbanu”, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operalarını tamaşaya qoymuşdur.    
Zülfüqar Hacıbəylinin vaxtilə Naxçıvanda yaşayıb-yaratması və burada olan musiqi mühiti ilə Üzeyir bəyi yaxından tanış etməsi, poeziyamızın sönməz günəşi Hüseyn Cavidlə Üzeyir bəyin qardaşlıqdan seçilməyən yaxınlığı, Cəlil Məmmədquluzadə ilə daim yaradıcılıq əlaqələrinin olması Naxçıvan teatrı tarixində silinməz izlər buraxmışdır.
1923-cü ilin avqustunda Naxçıvanda gəzinti gecəsi keçirilir. Bu gecə Abbas Mirzə Şərifzadə ilə Mərziyə xanım Davudovanın rəhbərliyi ilə düzəldilmişdi. Həmin gün oynanılan “Arşın mal alan”da Abbas Mirzə özü Sultan bəy, Mərziyə xanım isə xala rolunda çıxış edirdilər. Qalan rollar isə Naxçıvan teatrının aktyorları tərəfindən təqdim olunurdu.
1924-cü ildə Şərurda “Yallı” ansamblı yaradılır. Naxçıvan mədəniyyətinin inkişafı ilə daim maraqlanan Üzeyir Hacıbəyli Naxçıvana səfərləri zaman Şərur yallılarının ifasına dəfələrlə öz həyat yoldaşı ilə birgə tamaşa etmiş, Şəruru “Azərbaycan folklor mədəniyyətinin beşiyi” adlandırmışdır.
Üzeyir Hacıbəyli 1937-ci ildə Naxçıvana növbəti dəfə səfər edir və Naxçıvanda musiqi mədəniyətinin inkişafı sahəsində səmərəli işlər aparır. O burada professional musiqiyə yol açan 1 nömrəli musiqi məktəbinin təməlini qoyur. 
Bu böyük musiqi xadiminin 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçilməsi xalqın ona olan sevgisinin ifadəsi idi. Bu da musiqi tariximizdə silinməz bir faktdır ki, Zülfüqar və Üzeyir Hacıbəylilərin operettalarının Naxçıvan teatrında tamaşaya qoyulması böyük mədəni hadisəyə çevrilmişdir. 
Dahi bəstəkarın təşəbbüsü ilə 1938-ci ildə “Şərur” Xalq Yallı Ansamblı Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə uğurla çıxış edir. Bu çıxışdan sonra ansambl, demək olar ki, sovetlər birliyini təşkil edən bütün respublikaların konsert salonlarında rəngarəng yallılar nümayiş etdirir.
Dahi bəstəkarımızın Naxçıvana daha bir qayğısı onun təşəbbüsü ilə yaradılan musiqi məktəbinə piano bağışlaması idi. Bu məktəb muxtar respublikanın mədəni həyatında mühüm rol oynadı. Qısa bir vaxtda məktəbin yetirmələri Bakı Musiqi Texnikumunda təhsillərini davam etdirmək imkanı qazandılar. Həmin tələbələrdən biri də Məmməd Məmmədov olmuşdur. O, təhsil illərini belə xatırlayırdı: “Musiqi texnikumunun birinci kursunda oxuduğum vaxtda bərk xəstələnmişdim. Musiqi texnikumuna rəhbərlik edən böyük şəxsiyyət, dahi bəstəkarımız, gözəl, xeyirxah insan Üzeyir Hacıbəylinin qayğısı nəticəsində məni xəstəxanaya apardılar. O mənim dolanışığımla maraqlandı, mənə maddi-mənəvi cəhətdən bir ata kimi köməklik göstərdi. Xəstələndiyimdən xəbər tutan atam Bakıya gəlir, hansı xəstəxanaya aparıldığım haqqında Ü.Hacıbəylidən soruşur. Üzeyir Hacıbəyli atamın cibinə pul qoyur, işçilərindən birinə atamı mənim yanıma, xəstəxanaya aparmağı tapşırır. Kaş, Üzeyir bəy kimi insanlar çox olardı”. 
Məmməd Cavadov 1932-ci ildə Üzeyir Hacıbəylinin yaratdığı və ilk zamanlar başçılıq etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinə klarnet ifaçısı kimi işə qəbul olunur. Beləliklə, gənc musiqiçi uzun illər həsrətində olduğu böyük musiqi dünyasına qədəm qoyur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü Azərbaycan musiqiçilərinin, incəsənət xadimlərinin, ümumiyyətlə, Azərbaycan mədəniyyəti və incəsənətinin ümumittifaq tamaşaçıları qarşısında ilk hesabat konserti idi desək, heç də səhv etmərik. Digər tərəfdən isə bu tədbir Azərbaycan incəsənət işçiləri üçün beynəlxalq aləmə yol açan ilk “vəsiqə” idi. Bu baxımdan ongünlükdə iştirak edəcək sənətkarlar çox məsuliyyətlə seçilmişdilər. Məmməd müəllimin də bir musiqiçi kimi Moskvada iştirak edəcək sənətkarlar sırasına daxil edilməsi onun professional ifaçılığına verilən ən yüksək dəyər idi. Təsadüfi deyildi ki, elə həmin il (1938) Üzeyir bəyin təklifi ilə Məmməd Cavadov Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinə işə təyin edilir. Tezliklə o, gözəl klarnet, saksafon və bir sıra nəfəs alətləri ifaçısı kimi ad-san qazanmağa başlayır. Məmməd müəllimin ifaçılığına yüksək dəyər verən maestro Niyazi və bəstəkar Tofiq Quliyev onu 1941-ci ildə yaratdıqları Azərbaycan Caz Orkestrinə solist-saksafonçu kimi işə dəvət edirlər. Musiqi sənəti ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, caz orkestrində solist kimi fəaliyyət göstərmək çox çətin bir vəzifədir. Bu vəzifənin öhdəsindən gəlmək üçün musiqiçidən hər zaman musiqi duyumu ilə yanaşı, yüksək ifaçılıq texnikası, musiqi alətinin səs diapazonu üzrə bütün səslərin lazımi səviyyədə səsləndirilməsi və müəyyən dərəcədə aktyorluq qabiliyyəti tələb olunur. Belə xüsusiyyətlərə malik istedadlı ifaçı iki ilə yaxın caz orkestrində çalışır. Yüksək idarəçilik qabiliyyətinə malik musiqiçilərə olan böyük ehtiyac Məmməd Cavadovun tezliklə (1943-cü ilin yanvar ayından etibarən) Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrına direktor, 25 fevral 1943-cü il tarixdən isə Naxçıvan Dövlət Musiqili Dram Teatrına direktor və dirijor vəzifələrinə təyin edilməsi ilə nəticələnir. 
1946-cı ilin əvvəllərində Naxçıvan teatrının işçiləri Üzeyir Hacıbəylini yenidən Naxçıvan seçki dairəsindən SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizəd göstərirlər. Dahi bəstəkar o zaman Ordubad şəhərində olmuş, mədəni həyatın vəziyyəti ilə maraqlanmış, orada yeganə tar ifaçısı olan Məmməd Qəniyevi Azərbaycan Dövlət Konservatoriyasına aparmış, onun tar ixtisası üzrə təhsil almasına köməklik göstərmişdir. 
Hacıbəyovlar nəslinin digər nümayəndəsi Soltan Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışarkən naxçıvanlı abituriyentlərin konservatoriyaya müsabiqədən kənar daxil olmalarına öz köməyini əsirgəməmişdir.
Hacıbəyovlar nəslinin başqa bir nümayəndəsi maestro Niyazi də Naxçıvanla əlaqəli olmuşdur. O, 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyinə həsr edilmiş dövlət konsertinin hazırlanmasına rəhbərlik etmişdir. Naxçıvan musiqi mədəniyyətinin inkişafına qayğı ilə yanaşan maestro Niyazi Naxçıvanda Orta İxtisas Musiqi məktəbinin açılması məsələsinin həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevdən xahiş etmişdir. Görkəmli dövlət xadiminin göstərişi ilə 1975-ci ildə Naxçıvanda Orta İxtisas Musiqi məktəbi açılmış və maestro özü bu məktəbin açılışında iştirak etmişdir.
Üzeyir Hacıbəylinin Azərbaycana verdiyi əvəzsiz sənət töhfəsinə naxçıvanlı musiqiçilərin sevgisi sonsuzdur. 

Bənövşə RZAYEVA
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 03.08.2024 15:10