AZ EN RU

Haçadağa qucaq açan, Arazı qoynuna çəkən, tarixə söykənən Nəhəcir

Yolumuz uzaq deyildi, ancaq gedəcəyimiz yerin təhlükəli olduğunu bilirdik. Bura gedən yolun üzərində sıldırımlı qayalar olduğundan ilin istənilən fəslində getmək mümkün deyil. Hələ yayın istisində təbiətin qoynunda rastına zəhərli ilanlar çıxarsa... Etiraf edim ki, səfərin vaxtını doğru seçməmişdik...
...Muxtar respublikanın istənilən nöqtəsindən baxdıqda onun qədimliyini, tarixini, əzəmətini simvolizə edən Nəhəcir dağını görmək mümkündür. Öz məğrur duruşu ilə bu yaşayış məntəqəsini ağuşuna alıb sanki bu dağ, kənd isə onun yamacında özünə lövbər salmış gəmini xatırladır. Uzaqdan parıldayan Günəş şüaları Nəhəcir dağının sıldırımlı qayalarından boylanaraq kənddə Tanrının yaratdığı möcüzəni özündə sinxronizə edir. Tanrı bu kəndə gözəl təbiətlə yanaşı, zəngin yeraltı sərvətlər də bəxş edib. Düşünürsən, görəsən, nə vaxt yaranıb bu dağ, insanlar burada nə ilə məşğul olub? Yəqin, isti yay aylarında əzəmətli dağın sərinliyi kənd sakin­lərini bihuş edər. Elə kəndi gəzə-gəzə bunu düşünürdük ki, qulağımıza bir səs gəlir: “Buranın istisi şəhərdən daha çox olur, günəşli gündən sonra meh əsməsi ilə dağın istisi bütün kəndi bürüyür (gülür)”. Nəhəcir kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şamxal Ələkbərovla görüşüb bunun səbəbini soruşuruq. Deyir ki, iyul-avqust aylarında hava isti olarkən dağı, qayanı qızdırır: “Həmin istidə ilanlar dağlardan çıxan bulaqların dibində yatırlar. Nəhəcir tarixi kənddir, gördüyünüz o dağ (Nəhəcir dağını göstərir) nəinki bu kəndin, bütün muxtar respublikanın simvoludur”. 
Naxçıvanın ən qədim yaşayış məskənlərindən biridir Nəhəcir. Tədqiqatçıların fikrincə, bu kəndin adı Nuh Peyğəmbərin adı ilə əlaqəlidir. “Nəhəcir” sözü “nuh” və “cır” sözündən ibarətdir, mənası isə “Nuhun yamacı” deməkdir.  Nəhəcir dağının coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərində Nəhəcir qalası da yerləşir. Elə bu qalaya getmək istədiyimizi deyirik Şamxal müəllimə. Gülümsəyir, vaxtı düzgün seçmədiyimizi bildirir. “Ora ya səhər Günəş çıxmamışdan, ya da axşam gün batana yaxın getmək lazımdır. İsti havada orada ilanlar mələyir”, – deyir. 
Gün batımını gözləyərkən fürsətdən istifadə edib kənd sakinləri ilə görüşürük. Kənd ağsaqqalı Rəfael Yaqubov Nəhəcir dağını göstərərək deyir ki, bu dağ bir ailəni xatırladır: “Dağın ən uca zirvəsi ailə­nin böyüyü – atadır. Yanında nisbətən balaca olan sıldırımlı qaya anadır. Hər iki “valideynin” yanında olan kiçik qaya isə onların övladıdır. Sanki yamacda əyləşən bir ailəni xatırladır bu mənzərə. Elə dağın adının da mənası “yamac”, “düzlük” kimi deyilir. Nəhəcir hər zaman digər kəndlərdən fərqlənib. Bu yurd yeri qədim yaşayış məskənidir. Kəndin ərazisində qədim insan məskəni, qədim qəbiristanlıq və bu qəbiristanlıqda daşdan təbii qoç fiqurları aşkar edilib. Nəhəcir qalasında isə 4 min il bundan əvvəl yaşayışı təsdiq edən tarixi abidələr kompleksi var. Orada 50-dən çox yaşayış evi, 2 metrdən yüksək olan müdafiə divarları, atları saxlamaq üçün yer olub”. 
Rəfael kişinin dedikləri bizləri daha çox həyəcanlandırır, Nəhəcir qalasını bir anlıq belə təsəvvür edərək yola çıxacağımız vaxtı gözləyirik. Qədim tarixə malik bu kəndin muxtar respublikaya gələn insanlar üçün olduqca maraqlı tarixi məkanları var. Elə kənd sakini Əli Tarverdiyev də bunu təsdiqləyir. Uzun illər müəllim kimi fəaliy­yət göstərən kənd sakini deyir ki, bura tarixin bir parçası yox, elə tarixin özüdür: “Nəhəcir Azərbaycanın, bəlkə də, ən qədim yaşayış yerlərindəndir. Qalada olan tarixi abidələr bunun əyani sübutudur. Deyərdim ki, qeyri-adi yerdir Nəhəcir dağı, qalası. Burada sakinlərin əsas məşğuliyyəti isə maldarlıqdır. Bəziləri burada arı saxlayırlar, elə mənim kimi”.  
Vaxt yetişir... Kəndi seyr etmək və tarixi abidəni görmək üçün Nəhəcir qalasına qalxırıq. Dağın ümumi quruluşu elədir ki, uzun yolla gah dərələrin arası ilə yuxarı, gah da ziqzaqvari şəkildə enişə doğru addımlamalıyıq. Çalışdığımız qədər otlaq sahələrinə girmir, yalnız daşların üzəri ilə addımlayırıq. Ətrafa göz yetirərkən – buna ilanların qorxusu da deyə bilərik – bizi çaqqalların səsi qarşılayır, yolboyu balaca yuvalarda inildəyən kəkliklərin səsi gəlsə də, gözə dəymirlər, sanki sakitcə bizi izləyirlər. Şamxal Ələkbərov deyir ki, ilin bu fəslində Nəhəcir dağının gözəlliyi onun qoynunda yurd-yuva salan canlılardır. Və budur, söz bitməmiş qarşımıza 20-dən çox dağ keçisi çıxır. Fotoqrafımız Zülfüqar Qurbanlı sıldırım qayanın üzərində məğrur duran dağ keçisinin fotosunu fotoaparatın yaddaşına həkk edir. “Bu, sürünün erkəyidir, öndə o gedir, təhlükəni sanki sezir və sürünü qoruyur” – Şamxal müəllim sözlərini bitirməmiş, dağ keçiləri sanki rəqs edirmiş kimi o qayadan bu qayaya atılırlar. 
Dönüb arxaya baxdıqda möhtəşəm mənzərə bizi valeh edir: kənd sakinləri qoyun sürülərini otlaq sahələrinə aparır, təsərrüfatçılar isə öz həyətyanı sahələrində işlərini davam etdirirlər. Nəhəcirin “küsən bulağı” isə yenə küsülü vəziyyətdə görünür. Qarşıda bizi haçalanan yol “qarşılayır” və bu qayalı yol bizi düz bir əraziyə – Nəhəcir qalasına aparır. Qalanın girişində müdafiə üçün olan divarlar sanki yeni inşa edilib, qalanın tam ortasında isə böyük bir sal daş keşikçi kimi divarlara “söykənib”. Qalada olan yarı uçmuş, yarı tikili evlərin quruluşu buranın tarixinin nə qədər qədim olduğunun göstəricisidir. Hər daşında bir tarix yatan qalanın açıq tərəfi Nəhəciri sanki Haçadağla birləşdirir, ona qucaq açır, Araz çayını öz qoynuna çəkir. Başı buludlara söykənən sal qayaların üzərində qanad çalan qartallar Nəhəcirin nə qədər böyük, uca olduğunu sanki hayqırmaq istəyir. Burada olan papağa bənzər qayaların içində yerləşir evlər. Bunu da başa düşmək çətin deyil: həm düşməndən, həm də vəhşi heyvanlardan qorunmaq üçün o dövrdə evlər belə tikilib. Buranın ab-havası, görünüşü və tarix qoxan divarları insanı keçmişə aparır. Diqqəti çəkən digər məqam isə isti havada buranın sərin olmasıdır. Qayalara söykənən yarımtikililəri gəzdikcə soyuq havanı daha çox hiss edirsən. 
Ümumiyyətlə, Nəhəcir abidələr kompleksi Nəhəcir dağının ətəyi boyunca uzanır. Tarixi mənbələrə görə, burada aşkara çıxarılmış yerüstü tapıntılara Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika, bu dövrə aid boyalı qablar, o cümlədən orta əsr materialları aiddir. Təbiət hadisələri nəticəsində baş verən aşınmada meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, yenə də boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxıb. Nəhəcir qalası bu kompleksin ən maraqlı abidələrindən biridir.  Tarixi eradan əvvəl II minilliyə-I minilliyin əvvəllərinə aid edilən bu qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilib. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçikhəcmli dibəkdaşı, qara, boz və çəhrayı rəngli qab qırıqları tapılıb. Burada,  həmçinin Nəhəcir qalası ilə eyni dövrə aid olan dağıdılmış  kurqandan eradan əvvəl II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar aşkar edilib.
Əsrlərin möcüzəsi olan bu tarixi abidəni olduğu kimi qoruyub saxlamaq ümidi ilə uzaqlaşırıq qaladan. Yolda yenə dağ keçiləri, buranın daimi “sakinləri” ilə rastlaşırıq. Bir də gəlmək arzusu ilə...  

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.08.2024 20:43