AZ EN RU

Gürcü telekanalının əməkdaşı: Qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək Azərbaycanın yüksək inkişafının göstəricisidir

Azərbaycan qlobal əhəmiyyət daşıyan bir çox tədbirlərə ev sahibliyi edir. Bu cür mühüm əhəmiyyətli qlobal tədbirlərə ev sahibliyi etmək, onları yüksək səviyyədə keçirmək, əlbəttə, ilk növbədə, ölkənin yüksək inkişafını göstərir.

Bu sözləri açıqlamasında “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçısı, Gürcüstanın İctimai kanalının (1tv.ge) əməkdaşı Ramilia Əliyeva söyləyib.

Müasir dünya qarşısında duran ən önəmli çağırışlardan birinin yalan məlumatlar və dezinformasiya ilə mübarizə olduğunu vurğulayan R.Əliyeva qeyd edib: “Bu gün heç bir insan dezinformasiyaya məruz qalmaqdan sığortalanmayıb. Hazırda bu mövzu ilə müzakirələr önəmli məsələdir. İkinci Şuşa Qlobal Media Forumunda 50-dən çox ölkənin müxtəlif media nümayəndələrinin bu mövzunu bir arada müzakirə etmələri, təcrübələrini bölüşmələri, əlbəttə, çox mühüm və önəmlidir.

Bu gün qlobal media müstəvisində yalan məlumat və dezinformasiya dedikdə önəmli müzakirə mövzusundan birinin süni intellekt olduğunu söyləyən jurnalist qeyd edib: “Zənnimcə, media mənsublarının süni intellektin müsbət və mənfi tərəflərinin obyektiv şəkildə müzakirə etdikləri ən böyük platforma Şuşa Qlobal Media Forumudur. Bunun davamlı olması müasir media mühiti üçün həyati əhəmiyyətə malikdir. Forum çərçivəsində panel müzakirələri bizə bir daha göstərdi ki, mediada süni intellektdən istifadə çox diqqətlə olmalıdır. Süni intellekt vasitəsilə yalan və dezinformasiya tərkibli xəbərlərin yaradılıb yayılması barədə Prezident İlham Əliyev fikirlərini bildirdi”.

Ramilia Əliyeva, həmçinin qeyd edib ki, dünyada cərəyan edən qlobal siyasi cərəyanlar Cənubi Qafqaza da təsirini göstərir. Prezident İlham Əliyevin regionla bağlı fikirlərini dinlədikcə onun bölgənin inkişafı, iqtisadi rifahı ilə əlaqədar aydın baxışının olduğunu anladıq.

“Prezident İlham Əliyev Cənubi Qafqaz regionu üçün yeni əməkdaşlıq formatının aktual olduğu haqqında da fikirlərini açıqladı. Prezidentin xüsusilə Gürcüstanla bağlı dediklərini diqqətlə dinlədim. Yaşıl enerji layihəsinin bir hissəsi olmaq Gürcüstan üçün də mühüm amildir. Sözsüz ki, Prezident İlham Əliyev dünya səviyyəli siyasi xadimdir və onun bölgə ilə bağlı dedikləri mütləq nəzərə alınmalıdır”, - deyə o əlavə edib.

Nəşr edilib : 22.07.2024 15:38