AZ EN RU

“Gömrük rəsmiləşməsinin aparılması və sürətli gömrük xidməti” mövzusunda təlim keçirilib

    Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Gömrük rəsmiləşməsinin aparılması və sürətli gömrük xidməti” mövzusunda keçirilən təlimlərə yekun vurulub. Gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərdə Naxçıvan Şəhər, Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrində idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşməsini aparan 24 əməkdaş iştirak edib.
    Mərhələli formada təşkil olunan təlimlərin nəzəri hissəsində əvvəlcədən təsdiq olunmuş tədris proqramı əsasında gömrük rəsmiləşdirməsinə dair dərslər və təqdimatlar keçirilib. Gömrük rəsmiləşməsi aparılan mallarla sənədlərin eyniləşdirilməsi üsulları, XİFƏN kodlarının və gömrük dəyərinin sürətli və düzgün formada müəyyən edilməsinin üsul və vasitələri üzərində praktik məşğələlər təşkil olunub. Sonra qiymətləndirmə aparılıb. 
    Noyabr ayının 16-da təlimlərdə yüksək nəticə göstərən əməkdaşlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli çıxış edib. Çıxışda muxtar respublika gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin və gömrük rəsmiləşməsinin sürətinin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli olduğunu vurğulanıb. Son 3 ildə 300-dən çox əməkdaşa avtonəqliyyat vasitələrinin, həmçinin fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi, sərnişin keçid zallarında işin səmərəli təşkili və vətəndaşlarla rəftar, eləcə də gömrük rəsmiləşməsinin aparılması və sürətli gömrük xidməti mövzularında təlimlərin keçirildiyini önə çəkən komitə sədri malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən asan, sürətli və təhlükəsiz şəkildə keçidinin təmin olunması, gömrük rəsmiləşməsinin minimum vaxt çərçivəsində yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb. Təlimlərdə öyrədilmiş bilik və bacarıqların gündəlik iş prosesində tətbiqinin əhəmiyyəti qeyd olunub. 
    Komitənin Hədəflərin müəyyənləşdirilməsi bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli təlimlərin yekunu ilə bağlı məlumat verərək bildirib ki, qiymətləndirmə 2 ədəd gömrük bəyannaməsində buraxılmış səhvlərin minimum vaxt ərzində müəyyən olunması üzrə aparılıb. Qeyd olunub ki, gömrük işinin və gömrük nəzarətinin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində təlimlər müəyyən olunmuş plan üzrə davam etdiriləcəkdir. 
    Sonda təlimlərdə yüksək nəticə göstərən əməkdaşlara sertifikatlar təqdim edilib.

 Naxçıvan Muxtar Respublikası Dövlət 
Gömrük Komitəsinin mətbuat xidməti

 

Nəşr edilib : 16.11.2022 20:37