AZ EN RU

Gənclik gələcəyimizin təminatıdır

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması, sosial-siyasi islahatların davamlı həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Bu isə Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirən mühüm faktor kimi dəyərləndirilə bilər.

Ümumiyyətlə, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini gənclər siyasəti təşkil edir. Gənclər siyasəti barədə “Şərq qapısı” qəzetinə müsahibə verən Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov deyir ki, gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir.

Müsahibimiz bildirdi ki, hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident cənab İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Ümumiyyətlə, ölkə başçısının siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir.

Arzu Qasımovun sözlərinə görə, gənclər isə, öz növbələrində, genişmiqyaslı dövlət qayğısından, onlar üçün yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək müstəqil Azərbaycanın inkişafı naminə böyük fəallıq nümayiş etdirirlər. Prezident cənab İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Müsahibimiz qeyd etdi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox inkişaf etmiş ölkələrin gənclər siyasətindən daha üstün və səmərəlidir. Məsələn, Avropa Gənclər Fondu 47 ölkəni əhatə edir və büdcəsi, təxminən, 3 milyon avro civarındadır. Azərbaycan Gənclər Fondunun 1 illik büdcəsi isə daha çox təşkil edir. Məhz bu fakt da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətini göstərir.

Fond tərəfindən Dövlət Proqramına uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının artırılması üçün bir sıra tədbirlər həyata keçirilib və bəzi tədbirlərdə qarşıdakı günlərdə, aylarda davamlı olaraq reallaşdırılacaqdır. Belə ki, yaxın günlərdə Azərbaycan Respublikasının Gənclər Fondu və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı, Pendik Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Pendik əyalətində təşkil edilən beynəlxalq düşərgədə fondun Naxçıvan filialının əməkdaşı və 4 nəfər fəal könüllünün də iştirakı təmin edilib.

Bununla yanaşı, Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında 400 tələbə və fəal gəncin iştirakı ilə “İpəkyolu Beynəlxalq Gənclər Forumu – 2024” baş tutub. Bununla yanaşı, Naxçıvanda fəaliyyət göstərən könüllülər Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində bir sıra fəaliyyətlərə cəlb ediliblər. Belə ki, könüllülər “ASAN Könüllüləri” Təşkilatının, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, “Könüllü DOST” Proqramının tədbirlərində iştirak edib, müxtəlif fəaliyyətlərlə yaxından tanış olublar. Həmçinin könüllülər “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində tanınmış heykəltaraş, “Heydər Əliyev” ordeni laureatı və Dövlət mükafatları laureatı Ömər Eldarovla görüşdə iştirak ediblər.

Arzu müəllim bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır – 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin Naxçıvandan 12 qalibi müəyyənləşib və yaxın günlərdə həmin layihələrin icrasına başlanılacaqdır.

Məlumdur ki, Gənclər Fondunun Naxçıvan filialı yaradıldıqdan sonra Gənclər Fondu tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətlərə Naxçıvanda yaşayan gənclərin əlçatanlığının artırılması və fond tərəfindən reallaşdırılan layihələrdə onların daha fəal iştiraklarının təmin edilməsi üçün mühüm addım atılmışdır.

Filialın yaradılması gənclərin ölkə gəncləri ilə sıx inteqrasiya olunması, onların beynəlxalq tədbirlərdə iştirakına şəraitin yaradılması və mərkəzləşmiş formada fəaliyyətin idarə edilməsi baxımından gənclərin, ümumilikdə, inkişafına müsbət təsir göstərən amil olmuşdur.

Arzu müəllim onu da qeyd etdi ki, imkanlardan biri də budur ki, ölkənin bütün bölgələrini əhatə edən layihələr artıq Naxçıvandan yan keçmir və bütün layihələrdə naxçıvanlı gənclərin iştirakçılığı artırılır: Qeyd edim ki, fond tərəfindən bir neçə ildir, reallaşdırılan “Səyyar Gənclər Xidməti” layihəsi bu il ilk dəfə Naxçıvan Muxtar Respublikasında kəndlərdə yaşayan gəncləri də əhatə edəcəkdir.

Filialın gələcək planlarından danışan Arzu müəllim deyir ki, müxtəlif məzmunlu düşərgələrin keçirilməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün təlimlərin təşkili, “Gənclərin İnkişaf, Dialoq və İnteqrasiya Məktəbi”nə start verilməsi, “Yaşıl qaçış” marafonu, Vətən müharibəsi iştirakçıları ilə görüşlərin təşkili və sair müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fond tərəfindən isə mütəmadi olaraq paytaxt və digər regionlarda, eləcə də xaricdə baş tutacaq layihə və tədbirlərə naxçıvanlı gənclərin də cəlb olunması davam etdiriləcəkdir.

Dövlət Proqramında adıçəkilən müasir gənclər məkanı olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması haqqında danışan müsahibimiz Arzu Qasımov: “GİKM-in məqsədlərinin tam mərkəzində gənclər dayanır. GİKM 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında GİKM-in nümayəndəlikləri yaradılıb və fəaliyyəti təmin edilib. Sevindirici haldır ki, Naxçıvanda da yaradılması nəzərdə tutulub və bu istiqamətdə fond tərəfindən zəruri işlər aparılır”.

Söhbətimizdən də məlum oldu ki, bu gün muxtar respublikamızda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Dövlət qayğısı ilə əhatə olunan gənclər onlar üçün yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirirlər.

 

          Bülbül QULİYEVA

Nəşr edilib : 12.08.2024 12:00