AZ EN RU

Gənclərə karyera yolunun müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr verilib

Muxtar respublikada gənc nəslin şəxsi inkişafına dəstək məqsədilə keçirilən tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “RTN Groups”un təşkilatçılığı ilə karyera planlaması seminarı keçirilib. Nazirlik binasının yaxınlığında – açıq hava şəratində təşkil olunan tədbirdə 30-a yaxın gənc iştirak edib.

Nazirliyin əməkdaşı Valeh Mahmudov iştirakçıları salamlayaraq tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumat verib. “RTN Groups”un təsisçisi Mədət İsmayılov gənclərə öz iş həyatında yaşadığı təcrübələrini bölüşüb və mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasına dəstək, onlar üçün iş, karyera imkanlarının yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. İstər dövlət, istərsə də özəl sektorda savadlı, istedadlı və bacarıqlı gənc kadrlara xüsusi önəmlə yanaşılır. Dünyada gedən aktiv texnoloji yeniliklər və müasir çağırışlar kontektsində  əmək bazarına bir sıra yeni peşələrin daxil olduğu xatırladılıb. Belə bir qloballaşma mühitində gənclərin qazanc fürsətləri tapması, karyera qurması üçün daim özlərini təkmilləşdirməsi, yeni bacarıqlara, bilgilərə yiyələnməsinin, o cümlədən geniş təhqiqatlar aparmasının vacibliyi diqqətə çatdırılıb.

Diskussiya formatında davam edən tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onlara uğurlu karyera planlaması ilə bağlı tövsiyələr verilib.

 Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.07.2024 17:14