AZ EN RU

Gənc şahmatçılar arasında qaliblər bəlli olub

Naxçıvanda 12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı tədbirlər davam etdirilir. Naxçıvan Şahmat Mərkəzində 14-29 yaşlı gənclər arasında şahmat üzrə tempo turnir keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyası tərəfindən birgə təşkil olunan yarışda oğlan və qız şahmatçılar olmaqla, ümumilikdə 30 gənc iştirak edib.
İsveçrə sistemi üzrə 7 turdan ibarət mübarizədə Süleyman Məmmədov (5.5 xal) oğlanlar arasında, FIDE ustası Nəsrin Babayeva (5 xal) isə qızlar arasında qalib olublar. Hüseyn Həsənovla Fatimə Yusifli ikinci olublar. Elvin Hüseynli və Ayla Zamanlı turniri üçüncü sırada tamamlayıblar. Adıçəkilən iştirakçılar diplomla təltif olunublar.

Nəşr edilib : 10.08.2024 23:51