AZ EN RU

Gəmiqaya abidəsinin UNESCO-nun reprezentativ siyahısına salınması istiqamətində işlərə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür.
Belə ki, Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, həmçinin bərpa olunacaq abidələrin ilkin siyahıları müəyyənləşdirilməsi ilə bağlı iş aparılmış, tarix-mədəniyyət abidələrinin UNESCO-nun maddi mədəni irs üzrə tentativ siyahısına salınması barədə təkliflər təqdim edilmişdir. 
Belə abidələrdən biri də Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya abidəsidir. Abidənin UNESCO-nun maddi mədəni irs üzrə ilkin siyahısına salınması üçün məlumatların toplanması məqsədilə 2024-cü ilin  2-6 avqust tarixlərdə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarix elmləri doktoru, Avropa Şurasının nəzdində PRAT- CARP təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi Məlahət Fərəcova Naxçıvan Muxtar Respublikasına ezam edilmişdir.
Məlahət Fərəcova Ordubad rayonunun Gəmiqaya ərazisində olmuş, qayaüstü təsvirlər, ərazinin təbii resursları, landşaftı və sair ilə bağlı məlumatlar toplamışdır.
Qeyd edək ki, abidələrin  mədəni irs  siyahısına salınması üçün bir sıra şərtlərin ödəməsi tələb olunur: abidə möhtəşəm sənətkarlıq nümunəsi hesab olunmalı, mədəniyyətin inkişafına müəyyən təsir göstərməli, dünya mədəniyyəti üçün əvəzolunmaz tarixi və mədəni önəm daşımalıdır.

Nəşr edilib : 09.08.2024 15:17