AZ EN RU

Gəlin qələmimizi baltaya çevirməyək!

İki gündür, mediada, sosial şəbəkələrdə məlum hadisəylə bağlı xəbərləri, müzakirələri oxuyub  məyus olmamaq mümkün deyil.  Burada kimsə haqlıdır və ya haqsızdır tərəfi axtarmaqdan söhbət getmir. Konkret olaraq media və sosial fəallar sayəsində bu “küçə” davası  ölkə gündəmini zəbt edib.  Ən  təəssüfedici məqam isə ondan ibarətdir ki, bu səpkidə olan xəbərləri  ciddi qəbul edilən  media  qurumları da tirajlayıb.  Reytinq  xətrinə siz də əlinizə “balta” alaraq   insanların psixologiyasının qəsdinə durmusunuz. Gəlin qələmimizi baltaya çevirməyək! Unutmayaq ki, biz media olaraq daha  ciddi milli  və bəşəri məsələlərin təbliğatçısı funksiyasını yerinə yetiririk. Ona görə də  imkan verməməliyik ki, media tribunası  küçə səviyyəli  təbliğçilərin əlinə keçsin.  Heç uzağa getmədən bu günlərdə  Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı Qlobal Media Forumunu böyük qürurla izlədik. Biz həm də dünyanın informasiya məkanında nümunə olmağımızı  ortaya qoyduq. Ona görə də nəzərimiz həmişə  bu forumda olmalı, təhlili yazılar və gəldiyimiz nəticələr müzakirə edilməlidir. Hörmətli həmkarım Mirşahin Ağayev də məsələyə toxunaraq haqlı  olaraq qeyd edir ki, kimlərsə medianı Şuşaya doğru qaldırır! Kimlərsə balta kimi endirir! Fərq budur. O ucalıqda Qlobal Forum, burada verilən planetar mesajlar, Azərbaycanın taleyüklü məsələləri qalıb bir kənarda, bəzi ən ciddi imzalarımız da daxil olmaqla virtual məkan məskunları düşüb sosial medianın, “Facebook”un küçə səviyyəsinə.  Baş xəbərə – Şuşa Forumuna qayıdın! Küçə əlbəyaxasını yaymaqdan çəkinin. Sosial hesablarınızı O Forumun davamına çevirin! Vətəndaş olun! Bəşər olun! 
Təəssüf ki, xaosu ön plana çəkərək  küçə səviyyəsinin tüğyan etməsinə  şərait yaradırıq. Məlumdur ki, indi böyükdən-kiçiyə kimi hamı sosial şəbəkələrdədir. Dünəndən hansı sosial şəbəkəyə girirsən gir, bu hadisə qarşına çıxır. Və əminəm ki, hamının əsəblərini korlayır, neqativlik yükləyir. Gəlin bunu etməyək, dostlar. Biz qalib ölkənin jurnalistləriyik. Bu adı ləyaqətlə daşıyaq. Cılız hadisələrlə mediamıza kölgə salmayaq. Həmkarımız Rəşad Məcidin dediyi kimi:  “…Sosial media mənsubları, bu platformanın fəalları, ilk növbədə, insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər. Əsas meyar, başlıca davranış ölçüsü isə, Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, məhz Böyük Zəfərimizə, Şanlı Qələbəmizə layiq olmaq, yaşadığımız dövrün yüksək məsuliyyətini dərk edərək hər addımda buna uyğun davranmaqdır!”.

                            Sara ƏZİMOVA
            “Şərq qapısı” qəzetinin baş redaktoru

Nəşr edilib : 24.07.2024 17:31