AZ EN RU

Fransadan dünya ölkələrinə mədəniyyət savaşı və ya “vindzor cici-bacıları”nın ideoloji müharibəsi

2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində dünya siyasi elitasının, habelə Avropa və bir sıra dünya ölkələrinin illərlə beynəlxalq kürsülərdə söylədiyi “sülh və əmin-amanlıq” şüarının, əslində, puç əfsanə və nağıllardan ibarət olduğunu bir daha gördük. Şanlı Vətən müharibəsinin başladığı tarixdən bir qədər əvvəl Azərbaycan Respublikasının dünya ölkələri sırasında söz sahibi olan aparıcı dövlətləri bu məsələyə – ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımıza qarşı baş verən terror aktlarına son verilməsi məsələsinə çağırış etməsi nə qədər cavabsız qalsa da, dövlətimiz yenə də dostluq əlini uzatmaqdan çəkinmədi. Bəli, o dostluq əli dünyaya uzadıldı, ancaq çox, təəssüf ki, illərlə öz ata-baba yurdundan didərgin düşmüş günahsız soydaşlarımızın, Vətənimizin səsinə səs verən olmadı. Bütün bunlar azmış kimi, ermənilərin ön cəbhədə, o cümlədən müharibə bölgəsindən çox-çox uzaqda – Tərtərdə, Bərdədə, Gəncədə törətdiyi əməllər bəs etmirmiş kimi, bir də üzündən “dostluq” maskası düşən bir sıra Avropa dövlətlərinin oyunları çıxdı meydana. Bu dövlətlərin başında isə təbii ki, illərlə Qafqazda Azərbaycanın nüfuzunun zəifləməsinə, onun istər Qarabağ məsələsində, istərsə də digər mövzularda məğlub olmasına niyyətlənmiş, öz ideya və gücünü sırf bu əməllərə kökləmiş Fransa dururdu. Biz elə o illərdən Avropa elitasının “ailə başçısı” erməni şovnistlərinə qardaşyana dayaq verən, onları müharibəyə sövq edən dövlətlərin sırasında tez-tez Fransanı da yad edirdik, onun əməllərini yada salıb, o cümlədən Emmanuel Makronun siyasi kürsülərdə səsləndirdiyi fikirləri xatırlayıb ideoloji düşmənə öz münasibətimizi bildirirdik, özü də necə lazımdır elə…

XXXIII Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransanın həyata keçirdiyi “möhtəşəm” tədbirdən, yəqin ki, xəbəri olmayan yoxdur. Gün boyu sosial media platformalarını zəbt edən məlum videonu, xəbər saytlarında işıqlandırılan şəkilləri və bu mövzuda qələmə alınmış müxtəlif yazıları oxuyanda, sözün əsl mənasında, heyrətə gəldim. Düzü, təəccüb etmədim. Heyrətlənməyimin səbəbi isə bu oldu ki, illərlə dünyaya tolerantlıq dərsi keçən, milli və mədəni dəyərlərin qorunmasında “öz sözünü deyən” Fransa elitasını, indi cinsi azlıqları təbliğ etməyə, İsa peyğəmbəri təqlid etməyə, Leonardo Da Vinçi yaradıcılığını ələ salmağa, həmçinin öz dinlərini – xristianlığı məsğərəyə qoymağa nə vadar etdi?! Maraqlıdır; bir müddət bundan əvvəl “Əl-Cəzirə” kanalında Fransanın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığını bildirən Emmanuel Makron nə üçün bütün bu azğınlıqları və biabırçılıqları izlədi və alqışladı? Hesab edirəm ki, bütün bu ritorik sualların tək bir cavabı var və əslində, bu cavab da sualdır: Fransadan bundan artıq nə gözləmək olar ki?..

 Fransa Nəsillər Assosiasiyasının prezidenti Tierri Pruvo (Thierry Prouvost) bu gün mətbuata verdiyi müsahibəsində sözügedən mövzuya toxunaraq təəssüf hissi keçirdiyini deyib və Fransa xalqının belə bir addım atdığına məyus olduğunu qeyd edib: “…Fransa xalqına, dininə, tarixinə, dahilərinə hörmətsizlik nümayiş olunub. Bu hörmətsizlik dövlətin gözü qarşısında baş verib. Dövlət sənət adı altında insanları şok halına salan təhqiramiz görüntülərin yayımlanmasına imkan yaradıb. Əksinə, dövlət qayda-qanun keşikçisi olmalıdır”. Assosiasiya rəhbəri vurğulayıb ki, Fransa kraliçası Mari Antuanettanın musiqi sədaları altında başı kəsilmiş vəziyyətdə göstərilməsi Fransa xalqına olan hörmətsizlikdir: “Bu, yalnız zövqsüz bir sənət olmaqla məhdudlaşmır, bu insanlarda şok yaradan bir hadisədir. Səhnədə xristianların peyğəmbəri təhqir edilib. Bu, ümumilikdə, bütün xristianların təhqir edilməsidir. Çılpaq və saqqallı qadının səhnəyə çıxarılması isə təmamilə biabırçı bir hadisədir”.

Açıqlamaya diqqət etsəniz Fransa vətəndaşının, özü də məsul vəzifə daşıyan nümayəndənin çıxışında belə bir sıra siyasi nöqsanlar gözə çarpır. Cənab Tirreri Pruvo açıqlamasında belə bir ifadə işlədib: “Səhnədə xristianların peyğmbəri təhqir edilib”. Bu yanaşmadan belə nəticə çıxmırmı ki, assosasiyanın prezidenti xristianlıq dininə öz xalqının və vətəndaşı olduğu dövlətin milli və müqəddəs dini kimi yanaşmır. Belə olsa idi, o zaman çıxışında çox ehtimal bu sözləri oxuyardıq: “Səhnədə dinimiz və xristian peyğəmbəri təhqir edilib”. Yox əgər Tirreri Pruvo tam neytral mövqedən yanaşırsa, o zaman tolerantlıq oyunu oynamaq, özlərini güya dinə, mədəniyyətə qayğı ilə yanaşırmış kimi göstərmək nə üçündür…

Oxucularımızda belə bir sual yarana bilər ki, yerli jurnalistlərimiz nə üçün bu mövzuya belə həssas yanaşır, nə səbəbə Fransanın bu çirkin əməlinə münasibət bildirir. Səbəbi birmənalıdır: Bu ona görə baş verir ki, dünya ölkələri arasında Fransa dövləti və Fransa xalqı və onun əlaltıları olduğu müddətdə, necə deyərlər, heç bir xalqın, millətin milli-mənəvi dəyərləri, dini, dünyəvi görüşləri onların xislətindən sığortalana bilməyəcək. Bu gün öz xristian dininə, o cümlədən xalqların dəyərlərinə dil çıxaran, əl uzadan toplum, sabah da İslam dininə sataşacaq, Azərbaycan xalqının, türk millətinin özü, sözü kimi qoruduğu dəyərləri ləkləməyə çalışacaq. Əslində, Fransa dövləti müəyyən müddət ərzində, istər aşkar, istərsə də gizli yollarla dəfələrlə İslam dininə və dinimizin əməllərinə, adətlərinə dil uzatmış, bu dinə inanan xalqları geridə qalmış hesab etmişdi. Çox uzağa getməyə gərək yoxdur. Elə götürək Olimpiya oyunları ərəfəsində müsəlman qadın idmançının sırf başındakı hicaba görə yarışdan uzaqlaşdırılması hadisəsini. Bəli, bir neçə gün əvvəl xəbər saytlarının birində belə bir yazı oxudum: “26 yaşlı fransalı idmançı Sunkamba Silla hicablı olduğu üçün öz ölkəsində – Fransada Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmayacaq”. Burada təəccüb etməli bir məsələ yoxdur. Çünki illərlə “islamfobiya” adı altında bu dinə inanan insanlarla amansız rəftar edən, müsəlman ölkələrini qan çanağına döndərən terror təşkilatlarına havadarlıq edən Fransa aydın məsələdir ki, İslam dininin əməllərinə də qarşı çıxacaq.

2020-ci ildən ötən dövr ərzində istər Azərbaycan Respublikası, istərsə də bizimlə daim dostluq münasibətləri saxlayan dünya ölkələri Fransanın bu və ya digər sahələrdəki qatı siyasi meyillərinin şahidi olmaqdadır. Başqa hansı ölkələrdə bu dövlətə qarşı ayıq-sayıqlıq müşahidə olunur, bilmirəm. Ancaq bir şeyi yaxşı bilirəm ki, dünya ölkələrinin milli-mənəvi dəyərlərinə, xalqların dini və dünyəvi görüşlərinə, bəşəri sərvətlərə amansız münasibət bəsələyən Fransa, çətin ki, bundan sonra dünyada sülh və əmin-amanlıqdan danışa bilsin. Çünki o, haqqında danışdığımız hadisə ilə, o cümlədən bizə məlum olan və ya olmayan bir sıra çirkin əməllərlə tarixə öz möhürünü vurdu və vurmaqda da davam edir. Cinsi azlıqları, pedofilyanı, dini dəyərlərə qarşı terrorizmi, tanınmış şəxslərə və ümumbəşəri dəyərlərə qarşı radikallığı təbliğ edən Fransa yaxşı olar ki, böhran içində olan dinin və toplumun elə öz daxilində olduğunu qəbul etsin. Qəbul etsinlər ki, onların bu çirkin, heç bir sağlam ağıla və məntiqə söykənməyən adət-ənənələri yalnız öz mənəviyyatlarına yaxın “mədəni” mühitdə kök sala bilər...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 29.07.2024 16:55