AZ EN RU

Filmfondda gördüklərimiz

Naxçıvan Dövlət Film Fondu Azərbaycan Dövlət Film Fondunun filialı kimi 2000-ci ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında yerləşən fondun əsas məqsədi müvafiq qaydada qeydə alınan, nümayişinə və yayımına icazə verilən, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, bədii, ictimai-siyasi, elmi, tarixi və praktiki əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, həmçinin müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları və surətlərinin mühafizəsini həyata keçirmək və filmlərin, kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi zamanı müəlliflik və əlaqəli hüquqlara riayət olunmasını təmin etməkdən ibarətdir. Ötən dövr ərzində fond qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərir.

Filmfondda bir otaq, xüsusilə diqqətimizi çəkir. Balaca bir muzeyi xatırladan bu otaqda maraqlı eksponatlar saxlanılır. Həmin eksponatlar keçmiş sovetlər dövrün istehsalı olan filmlərdə istifadə edilmiş geyimlərin və bəzi əşyaların az bir hissəsidir. Fondun direktoru Mirakif Seyidov deyir ki, illərdir, bu əşyalar toplanılıb və burada kiçik bir “kino muzeyi” yaradılıb. Həmin otaqda “O olmasın, bu olsun” filmində istifadə olunmuş hambal palanı, “Bir qalanın sirri”ndə istifadə edilən Həkim babanın hazırladığı mücrü və içərisində olan sim, nar, qanlı daş, qıfıl və həmin butaforlar, “Sehrli xalat” filmində Zərifənin, “Qızıl uçurum”dakı qadının, “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadənin və alman zabiti cənab Şultsun istifadə etdikləri geyim dəstləri, “Kəndlilər” filmindən çarıqlar, “Babamızın babasının babası”ndakı yapıncı, “Görüş” filmindəki araqçın və başqa filmlərdə istifadə olunan geyim dəstləri qorunub saxlanılır. Qeyd edək ki, Naxçıvanda çəkilmiş  filmlərdə istifadə olunmuş əşyalar da burada az deyil. Belə ki, “Babək”, “Əzablı yollar”, “Doğma sahillər”, “Nəsimi” filmlərindəki bir çox əşyaları burada görmək mümkündür.

Maraqlısı odur ki, filmlərdə gördüyümüz qəhrəmanların istifadə etdiyi əşyalarla birbaşa təmasda olmaq, onlara toxunmaq adamı bir anlıq film qəhrəmanları ilə sanki üzbəüz görüşdürür, insanda fərqli hisslər oyadır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 02.08.2024 09:13