AZ EN RU

Fələstin mətbuatı Şuşada qəbul edilən Qarabağ Bəyannaməsindən yazıb

Fələstin Dövlətinin WAFA xəbərlər agentliyi və “Əl Qüds” qəzeti Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən Qarabağ Bəyannaməsindən yazıb.

Fələstinin Azərbaycandakı səfirliyindən bildiriblər ki, yazılarda Türk Dövlətləri Təşkilatı (TDT) paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması məsələsinə dəstək nümayiş etdirdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, TDT, həmçinin Qəzzada dərhal və daimi atəşkəsə, humanitar yardımların maneəsiz çatdırılmasının təmin olunmasına çağırış edib.

Diqqətə çatdırılıb ki, TDT-yə üzv dövlətlərin başçıları Qəzzada baş vermiş humanitar fəlakətdən dərin narahatlıqlarını bildirib, mülki şəxslərin hədəfə alınmasını qınayıb və tərəfləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmət göstərməyə çağırıblar. Onlar İsrail-Fələstin münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olunmasının vacibliyini vurğulayıb, 1967-ci il sərhədlərinə əsaslanan paytaxtı Şərqi Qüds olmaqla müstəqil, suveren və vahid Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyiblər.

Türkdilli Dövlətlər Təşkilatının dövlət başçıları, eyni zamanda, dünya ölkələrini Fələstin Dövlətini tanımağa çağırıblar.

Nəşr edilib : 08.07.2024 17:23