AZ EN RU

Fahrettin Altun: 15 İyul təkcə dirənişin deyil, həm də dirçəlişin hekayəsidir

15 İyul - Demokratiya və Milli Birlik Günü bu il Türkiyədə “Millətin Zəfəri” adı altında yad ediləcək. Bu böyük zəfərin ruhunu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bütün tədbirlərimiz bu mövzu ilə təşkil olunacaq. Qələbəmizi birlikdə qeyd edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə minnətdarıq.

Bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbər Fahrettin Altun deyib.

Bu tarixin təkcə dirənişin deyil, həm də dirçəlişin hekayəsi olduğunu qeyd edən F.Altun 2016-cı il 15 iyul hadisələrində millətin iradəsini, demokratiyanı, öz gələcəyini qorumaq əzmini nümayiş etdirdiyini deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu qətiyyəti hər il xatırlamaq və xatırlatmağı millətə olan hörmətin ifadəsi kimi qiymətləndirib.

Qeyd edək ki, 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə İstanbulun “15 İyul Şəhidləri”, “Fateh Sultan Mehmet” və “Yavuz Sultan Selim”, eləcə də Türkiyənin “Çanaqqala” və “Osman Qazi” körpülərində Türkiyənin dövlət bayraqları ucaldılıb. Həmin gün münasibətilə ölkədə müxtəlif tədbirlər təşkil olunacaq, qazilərlə görüşlər keçiriləcək, şəhidlərin məzarları ziyarət ediləcək. İyulun 15-də Türkiyədə “Demokratiya yürüşü”, idman yarışları, mədəni tədbirlər keçiriləcək, sərgilər açılacaq.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən 252 mülki şəxs və hərbi qulluqçu şəhid olub.

Nəşr edilib : 12.07.2024 18:52