AZ EN RU

Əyilməzlik ünvanıdır Naxçıvan

Hər daşı, qayası ox nişanlı, hər zümrüdgözlü bulağının pıçıltısında həzin ana laylası çalınan doğma Naxçıvan diyarımız, qədimdən-qədim Naxçıvan şəhəri bina olandan bəri heç vaxt, heç zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb. Bu inkişafı və tərəqqini görənlər təəccüblənirlər. Təəccüblənirlər ki, son illər ərzində neçə-neçə keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Prezident cənab İlham Əliyevin qayğısı sayəsində hərtərəfli inkişafa nail olunub. Beş min ildən artıq şəhərsalma tarixi olan ulu Naxçıvan əsrlərin, min illərin tarix yollarında heç vaxt yorulmayan yeniləşən diyara çevrilib. Naxçıvan artıq bu gün yeni yollarla, geniş prospektlərlə, əzəmətli binalarla, gözoxşayan, könülsevindirən müasir abidələri, inkişafın nəhəng addımları ilə irəliləyən qədim tarixli yeni şəhərdir. 
Fərəhləndirici haldır ki, Naxçıvanın yüksək sosial, iqtisadi və mədəni inkişafı 100 illik muxtariyyət tarixinin zirvəsi kimi dəyərləndirilir. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamında da deyildiyi kimi: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Tarixboyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrü yaşamış, zəngin mədəni irs qoymuş qədim Naxçıvan bugünkü inkişafı ilə sanki çəkdiyi müsibətlərin əvəzini çıxır, ulu köklər üstündə qol-qanad açıb daha xoş sabahlara doğru pərvazlanır. Tarixin yeni Naxçıvanı dostlarımızı sevindirir, düşmənlərə isə gözdağı verir. Muxtar respublika milli dəyərlərə söykənərək inkişaf etdirilir, Vətən, yurd sevgisi üzərində müasir Naxçıvan ucaldılır. Xalqımızın böyük oğlu Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. 
Bu gün Naxçıvan Muxtar Respublikası yenidən qurulur. Azərbaycanın ən qədim yurd yerlərindən biri, hər daşında, qayasında minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın hər bir bölgəsi, kəndi, şəhəri, qəsəbəsi  Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində tərəqqi və inkişaf yolundadır. Qazanılan nə varsa, hamısı Ulu Öndərimizin ideyalarının ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir. Ümummilli Liderimiz Heydər Əliyev doğma Naxçıvan haqqında deyirdi: “Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də  göstərəcəkdir”. Böyük fəxrlə, qürur hissi ilə deyə bilərik ki, dahi rəhbərin arzu və istəkləri naxçıvanlılar tərəfindən sonsuz məhəbbətlə həyata keçirilmişdir. Düşmən sərhədində alınmaz qalaya çevrilmiş müasir Naxçıvan bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcək. Bu torpağını və məmləkətini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında da deyildiyi kimi: “Naxçıvan Muxtar Respublikası bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji zonası” elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.
Naxçıvanda bütün istiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünü doğruldur və  muxtar respublikanın davamlı inkişafını təmin edən düzgün yol seçilib. Ən əsası Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə qısa zamanda əldə edilmiş nailiyyətlər, hər bir yüksəliş nümunəsi təsdiq edir ki, Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələr Naxçıvanda vaxtında və layiqincə icra olunur.
Ötən 20 ildən artıq dövr ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur göstərir ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri və əmanəti olan Azərbaycan həm etibarlı əllərdə, həm də dinamik yüksəliş yolundadır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızın işğaldan azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını təmin edən Prezident cənab İlham Əliyev bununla həm də Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətini layiqincə yerinə yetirdi. Bu tarixi uğurlar göstərir ki, Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyevin liderliyi ilə layiqincə davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Naxçıvan Muxtar Respublikasının da uğurlarının təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır. Hazırda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə inkişafının yeni mərhələsinə qədəm qoyan muxtar respublikada həyata keçirilən islahatlar cəmiyyət həyatının bütün sahələrinə dinamizm, canlanma gətirib, inkişafı daha da sürətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan tezliklə daha möhtəşəm uğurları ilə inkişafın yeni nümunələrini yaradacaq.        
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliy­yət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsində çırpınan, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliy­yətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu.
Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdi. Dahi şəxsiyyətin Naxçıvanın xilaskarı kimi göstərdiyi misilsiz xidmətlərindən biri də o idi ki, Ulu Öndər hələ sağlığında Naxçıvanla bağlı arzularının gələcəkdə gerçəkləşməsi, quruculuq xəttinin sonrakı dövrlərdə də uğurla davam etdirilməsinin qayğısına da qalmışdı. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Xalqımızın Ümummilli 
Lideri Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi. Xüsusilə 1990-cı illərin əvvəllərində naxçıvanlılar Heydər Əliyevi özlərinə rəhbər seçəndən sonra. Həmin ağır, çətin vəziyyətdə Naxçıvanda sabitliyin təmin olunması, Naxçıvanda inkişafın təmin olunması məhz Heydər Əliyevin və naxçıvanlıların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Naxçıvanlılar bu çətin sınaqdan şərəflə çıxdılar və o illər ərzində təməli qoyulmuş layihələr, işlər bu gün öz bəhrəsini verməkdədir”.
Bu gün inkişaf edən, müasirləşən, abadlaşan qədim Naxçıvan mənfur düşmən üçün ikiqat gözdağına çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında deyilir: “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir”.
Ümummilli Liderin inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsi Heydər Əliyev ideyalarına sonsuz sədaqət sayəsində mümkün olmuşdur. Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Şübhəsiz ki, dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim inkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 13.08.2024 09:05