AZ EN RU

Əsl qaliblər məğluba əl uzatmağı bacarır

Dünən axşam saatlarında Azərbaycan cüdoçusu Hidayət Heydərovun “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə belə demək mümkünsə, ümummilli qürur və sevincə boğulduq. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəldi. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz olimpiya çempionu adını qazandı və “Paris-2024”də millimizin aktivinə ilk medalı yazdırdı.

Milli qürurumuz Hidayət bunu çox gözəl bacardı. Olimpiya çempionumuza bir neçə dəqiqə bəs etdi ki, ev sahibi qismində döşəyə çıxan fransalı idmançının kürəyini yerə vursun. Baxmayaraq ki, arena fransız azarkeşlərlə dolu idi, Hidayət ruhən və qəlbən oyuna köklənə bildi. Çünki arenadan uzaqda milyonlar onun arxasında idi. Hətta oyundan sonra verdiyi müsahibədə də qeyd etmişdi ki, final görüşünə qədər keçirilən qarşılaşmalardan sonra Azərbaycan xalqının sosial mediadakı böyük dəstəyini hiss etmiş və bu ona əlavə motivasiya vermişdi.

Görüşün ən diqqətçəkən məqamı isə olimpiya çempionumuzun hörmət əlaməti olaraq rəqibini əl uzadaraq döşəkdən qaldırması və onu alnından öpməsi idi. Oğulsan, Hidayət! Özü də əsl Azərbaycan oğlu! Yalnız əsl Qalib olan məğluba əl uzatmağı bacarır. Bu örnək davranışınla bir daha azərbaycanlı ruhunu, azərbaycanlı mədəniyyətini, böyüklüyünü ortaya qoydun, xalqımızın qürur yerinə çevrildin. Olimpiya oyunlarının açılışı zamanı ev sahibi fransızların Azərbaycan dövlətinə qarşı növbəti siyasi təxribata əl atmasına, ermənilərə açıq dəstək nümayiş etdirməsinə baxmayaraq, sən əsl idmançı ritorikası nümayiş etdirdin, idmanın tələb etdiyi mədəniyyət və etika çərçivəsindən kənara çıxmadın.

Qələbədən sonra göz yaşlarına boğulan ailən qədər sevinirik, Hidayət! Bu Zəfər sənə ananın ağ südü kimi halalındır. Azərbaycan Bayrağını Parisdə ən yüksək zirvəyə qaldırdığın, himnimizi fransızlara dinlətdiyin üçün sənə minnətdarıq. Parlaq Qələbədən sonra ali səviyyədə təbrik olunmağın isə onu göstərir ki, ölkə Prezidenti daim idmançıların yanındadır. Bu uğuru Naxçıvan idman məktəbinin yetirməsi – güləşçi Hacı Əliyev və başqa idmançılarımızdan da gözləyirik.

Artıq Hidayət Heydərov səhər saatlarında Bakıya qayıdıb. Vətənə xoş gəlmisən, “qızıl oğul”.

Muxtar RZAZADƏ

Nəşr edilib : 30.07.2024 10:25