AZ EN RU

Ertuğruloğlu: Azərbaycan, Türkiyə və ŞKTC bir-birilərini dəstəkləməli, ümumi maraqları müdafiə etməlidir

Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) öz hüquqlarını sonuna qədər müdafiə etməyə borcludur. Ölkələrimiz bir-birini dəstəkləməli, ümumi maraqları müdafiə etməlidir.

Bu barədə ŞKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu cümə axşamı Lefkoşada İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrindən olan bir qrup yeniyetmə ilə görüşdə deyib.

Nazir vurğulayıb ki, türk dövlətlərinin digər ölkələrə qarşı heç bir iddiası yoxdur.

“Bizə yad torpaqlar lazım deyil, lakin biz heç kimin ərazimizə təcavüz etməsinə yol verməyəcəyik. Bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”, - deyə nazir bildirib.

Şimali Kipr diplomatiyasının rəhbəri daha sonra dünya nizamının dəyişməsi prosesinə və BMT sisteminin böhranına diqqət çəkib. “Dünya birliyi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən qat-qat böyükdür. Bunun dərk edilməsi tədricən baş verir. Adları çəkilən 5 ölkənin gücü və təsiri getdikcə azalır”, - deyə Ertuğruloğlu bildirib.

Qeyd edək ki, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın rəhbərlik etdiyi 17-22 yaş arası Azərbaycandan olan bir qrup yeniyetmə Girne Amerikan Universiteti tərəfindən ŞKTC-də təşkil olunmuş yay düşərgəsində iştirak edir.

Nəşr edilib : 26.07.2024 01:02