AZ EN RU

Ersin Tatar: Prezident İlham Əliyev Şimali Kiprə münasibətdə siyasi rəşadət nümayiş etdirdi

Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünə dəvət etməklə siyasi rəşadət nümayiş etdirdi.

Bu barədə “Haber Türk” telekanalına müsahibəsində ŞKTC-nin Prezidenti Ersin Tatar bildirib.

Onun sözlərinə görə, Lefkoşanın xarici siyasi əlaqələri bu gün Kipr türklərinin bir neçə ildir “xəyalına belə gətirə bilmədiyi” səviyyəyə çatıb. “Bu yaxınlara qədər ŞKTC-nin opponentləri Kiprin türk rəsmiləri ilə dəvət və görüşləri zamanı təzyiq və məhdudiyyət hədələri ilə qarşılaşırdı. Qərbin bütün maneələri addım-addım aradan qaldırılır. Şimali Kipr nümayəndələrinin digər türk dövlətlərinin liderləri ilə bir masa arxasında oturduğu, bayrağımızın dalğalandığı TDT-nin Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü buna əyani sübutdur”, -deyə siyasətçi bildirib.

Ersin Tatar ŞKTC-nin dünyanın müxtəlif ölkələri ilə dialoqunun genişləndirilməsinə Türkiyənin verdiyi töhfəni vurğulayıb. “Kiprin yunan icmasına qarşı heç bir şikayətimiz yoxdur. Kipr türklərinin istədiyi tək şey ŞKTC-nin hüquqlarının tanınmasıdır. Bu, uzun bir yoldur, lakin düzgün addımlar sayəsində hədəflərimizə doğru inamla irəliləyirik”, -deyə dövlət başçısı vurğulayıb.

Nəşr edilib : 24.07.2024 15:02