AZ EN RU

Erkən nikah uşaq hüquqlarının pozulmasıdır

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib. 
Erkən nikahın fəsadları və uşaq hüquqlarının qorunması ilə bağlı növbəti maarifləndirici tədbir 11 iyul 2024-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində baş tutub.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları Sürəyyə Bəşirova və Müşfiq Əsədov erkən nikahın uşaq hüquqlarını pozması barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıblar. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Tarixin bütün dövrlərində nümunəvi olan Azərbaycan ailəsində erkən nikaha yol verilməsi qəbuledilməzdir və məsuliyyətə səbəb olur. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb. 
64 nəfərin yararlandığı tədbirdə Mahmudkənd sakinləri, xüsusilə valideynlər və müəllimlər iştirak ediblər. Sonda 45 ədəd maarifləndirici broşür paylanılıb və mövzu ilə bağlı posterlər elan guşələrinə yapışdırılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 11.07.2024 16:39