AZ EN RU

Ərdoğan Olimpiya Oyunlarının açılışında nümayiş etdirilən əxlaqsız görüntüləri tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə Olimpiya Oyunlarının açılış mərasimində nümayiş etdirilən əxlaqsız səhnələri tənqid edib.

O, bu barədə Roma Papası Fransisk ilə telefon danışığında deyib.

R.T.Ərdoğan bu addımların hiddət və kəskin reaksiyalara səbəb olduğunu diqqətə çatdırıb.

Türkiyə lideri ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalandığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da incitdiyini bildirib: “Birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik. İnsanları birləşdirmək üçün keçirilən Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq, təbliğat aparmaq doğru deyil”.

Tərəflər, həmçinin Yaxın Şərqdə davam edən müharibəni və HƏMAS lideri İsmayıl Haniyənin ölümünü də müzakirə ediblər.

Nəşr edilib : 01.08.2024 16:21