AZ EN RU

Ərdoğan: Fransa Olimpiadanı ailə təməllərinin və ümumbəşəri dəyərlərin dağıdılması alətinə çevirib

Fransa 2024-cü il Olimpiya Oyunlarını ailə təməllərini və ümumbəşəri dəyərləri dağıtmaq üçün alətə çevirib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının Türkiyənin əyalətləri üzrə təşkilat rəhbərlərinin geniş tərkibdə müşavirəsində çıxışı zamanı deyib.

Türkiyə dövlət başçısının sözlərinə görə, Fransa hakimiyyətinin nifrəti özünü təkcə müsəlmanlara qarşı deyil, həm də ümumbəşəri dəyərlər və bütün dinlər kontekstində göstərir.

Prezident Ərdoğan Paris Olimpiadasının açılış mərasimini “əxlaqsızlıq” və “ayıb” adlandırıb, LGBT hərəkatı kimi “azğın cərəyanlara” müqavimət göstərməyə çağırıb.

Türkiyə Prezidenti deyib ki, məhz bu hərəkatın təbliğatının mümkünlüyünə görə Fransa lideri Emmanuel Makronun Olimpiadanın açılış mərasimində iştirak etmək dəvətini rədd edib.

Siyasətçi xatırladıb ki, Fransa hakimiyyəti bütün başıörtülü idmançılara öz ölkəsini Paris Olimpiadasında təmsil etməyə qadağa qoyub. “Fransada yaşayan Mərakeş, Əlcəzair, Tunis və digər ölkələrdən olan insanların susqunluğunu başa düşə bilmirəm. Parisdəki qalmaqallı mərasim ümumbəşəri dəyərlərə, o cümlədən xristian dünyasına təhlükənin miqyasını göstərdi”, –deyə Türkiyə lideri bildirib.

Türkiyənin dövlət başçısı bildirib ki, ilk fürsətdə Roma Papası ilə Olimpiadadakı qalmaqalı müzakirə edəcək. "Xristian dünyasına qarşı nümayiş etdirilən əxlaqsız münasibətlə bağlı mövqeyimi Vatikan rəhbəri ilə bölüşəcəyəm", -deyə Ərdoğan əmin edib.

Nəşr edilib : 31.07.2024 10:20