AZ EN RU

Ən böyük xoşbəxtlik Vətən yolunda şəhid olmaqdır

Həsən İbrahim oğlu Quliyev

(03.09.1996-29.09.2020)

Həsən evimizin sonbeşiyi idi. Hələ balaca vaxtından bütün qohumlarımız onu çox sevirdilər. Çox mehriban, qorxmaz idi Həsən. Hələ yenicə doğulmuşdu. Bir qohumumuz var idi. O mənə dedi ki, yeni doğulan oğlan uşağını həmişə sol tərəfi üstündə yatırın. Onda uşaq ürəkli olur. Mən də onu həmişə sol tərəfi üstündə yatırardım. Sonralar qardaşları Həsənə gülürdülər. Deyirdilər ki, başının arxası dik qalıb. Həsən tez üzümə baxırdı. Nə soruşmaq istədiyini başa düşürdüm. Deyirdim ki, siz onun ürəyinə baxın. Görün necə ürəkli oğlandır. O, balaca olanda qardaşım tez-tez bizə gəlirdi ki, Həsəni görsün. Qardaşım deyirdi ki, ay İradə, bu uşaq Hindistan kinolarındakı uşaqlara oxşayır. Onlar kimi həm sürətlə böyüyür, həm də yaşıdlarından seçilir...

Həsəngil üç qardaşdırlar. Həsən onların ən balacası idi. Amma buna baxmayaraq, nə olurdu birinci Həsən gedirdi. Çox məsuliyyətli idi. Zəhmətə tez alışmışdı. Ev işlərində bizə yaxından kömək edirdi. Elə bil, bundan zövq alırdı.
Biz Həsən şəhid olduqdan sonra onu tanıdıq. Gördük ki, Həsən çox fərqli olub. 
Bu gün düşünürəm ki, şəhidlik onun qürur, fəxr köynəyidir. 
Həsənin son danışığı 29 sen­tyabrda olub. Bibioğlusuna zəng edib. Onunla danışıb. Bibioğlusu təsadüfən səsini yazıb. Deyib ki, bibioğlu, ad günün mübarək. Mən sənin ad gününü atəşfəşanlıqla təbrik edirəm. İnşallah, bir neçə dəqiqə sonra o biri tərəfdə qeyd edəcəyəm. Bibioğlusu o biri tərəfin hansı tərəf olduğunu soruşub: Xankəndi, yoxsa Kəlbəcər? Deyib ki, Kəlbəcərdə. Əgər mənə zəng çatmasa, narahat olmayın. Axırıncı danışığı bu olub mənim igid, qəhrəman balamın. Sonra isə şəhidliyə ucalıb. Amma çox qürurlu və fəxrliyəm. Fəxr edirəm ki, bu cür qəhrəman, igid Həsənin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun!     

Nəşr edilib : 02.08.2024 15:57