AZ EN RU

Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan ibarət COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanılmasında mühüm rol oynayacaq.

"Şərq qapısı" xarici KİV-ə istinadən xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl-Caber Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər konfransında çıxışı zamanı deyib.

Əl-Caber qeyd edib ki, həmrəylik ötən il BƏƏ-də baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) konsensusa nail olmaq üçün açar idi. O, COP28 qərarlarının icrasını sürətləndirmək üçün bu “həmrəylik ruhundan” istifadə etməyə çağırıb:

“Bütün ölkələri öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) təqdim etməyə və onları BƏƏ konsensusunun həyata keçirilməsi üçün praktiki plana çevirməyə təşviq edirik. Bu planlar hərtərəfli və balanslaşdırılmış olmalı, təsirin azaldılması və uyğunlaşmaya yönəldilməlidir. COP sədrləri üçlüyü - Azərbaycan, BƏƏ və Braziliya - öz növbəsində siyasi impulsun saxlanmasında həlledici rol oynayacaq”.

COP28 prezidenti, həmçinin bütün iqtisadi sektorların iqlimə davamlılığı əsas prinsip kimi tanımasının vacibliyini vurğulayıb.

Əl-Caber bir daha iqlim maliyyələşdirməsini daha əlçatan etmək və özəl sektor investisiyalarını təşviq etmək üçün beynəlxalq maliyyə sistemində islahatlara çağırıb.

Nəşr edilib : 22.07.2024 11:39