AZ EN RU

Ekspert: Abituriyentlər qəbul olduqdan sonra imtina edəcəkləri ixtisasları seçməkdən çəkinməlidirlər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanları yekunlaşıb. Yaxın günlərdə DİM “Abituriyent” jurnalının 4-cü nömrəsini çıxarmağı planlaşdırır. Bu jurnalda ali məktəblər üzrə ixtisasların plan yerləri, təhsil haqqı, əyani və qiyabi təhsil forması, dövlət sifarişli və ödənişli yerlər barədə məlumatlar öz əksini tapacaq. Həmçinin jurnalda ümumi imtahan iştirakçılarının statistikası, bal aralıqları elan olunacaq. Abituriyentlər topladıqları bala uyğun olaraq qruplar üzrə ixtisas seçimi edəcəklər. Avqust ayında başlanılacaq ixtisas seçimi prosesi təxminən 10-12 gün davam edəcək. Nəticələr açıqlandıqdan sonra ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün təkrar imkan yaradılacaq.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib. Onun sözlərinə görə, əvvəlki illərin müşahidələri onu göstərir ki, aşağı bal toplayan və ixtisaslar üzrə keçid balını keçməyən bəzi abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi edərkən bir sıra məqamlara diqqət yetirmirlər: “İxtisas qrupuna uyğun 190 bal toplayan abituriyent 200 bal limitini keçmədiyi və imtahanın ikinci mərhələsi üzrə 100 bal toplamadığı üçün ancaq məhdud ixtisaslara müraciət edə bilər. Abituriyent istəmədiyi və oxumağa qərarsız olduğu halda hər hansı bir region universitetini yazaraq və yaxud hər hansı bir mütəxəssisə yazdıraraq arzusunda olmadığı ixtisasa qəbul olur. Bundan sonra isə abituriyent qəbul olduğu ali məktəbdə qeydiyyatdan keçməkdən imtina edir və kolleclərə müraciət edir. Lakin abituriyent ali təhsil müəssisəsinə qəbul olduqdan sonra bu ixtisasdan imtina etsə də, orta ixtisas müəssisələrinə (kolleclərə) müraciət edə bilməz”.

Ekspert abituriyentlərə arzulamadıqları və qəbul olduqdan sonra imtina edəcəkləri ixtisaslara seçim etməməyi tövsiyə edib: “Xüsusilə də bu hal regionlarda kənd təsərrüfatı ixtisaslarını seçən qızlarda daha çox müşahidə olunur. Müsabiqə şərtlərinə əsasən I ixtisas qrupu üzrə bütün ixtisaslara müraciət etmək üçün abituriyentin ümumi balı 200-dən az olmamaqla yanaşı, imtahanın ikinci mərhələsi (blok imtahanı) üzrə ən azı 100 bal toplamalıdır. Blok imtahanında 50-100 bal arası nəticə göstərən abituriyent I ixtisas qrupu üzrə yalnız meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik kimi ixtisasları seçim etmək hüququna malikdir. Əgər abituriyent bu ixtisaslardan birinə qəbul olub, sonra da bəyənməyərək imtina edəcəksə, kollec seçimi yolu da bağlanmış olacaq. Həmçinin həmin ixtisas üzrə ali məktəbdəki yer boş qalacaq. Bu vəziyyət digər abituriyentlərin şansının azalmasına da təsir göstərir. Buna görə də abituriyentlər seçim edəcəyi ixtisasları dəqiqləşdirməli, həmin ixtisasların gələcək karyerasına və əmək bazarına uyğunluğunu analiz etməlidir.

DİM tərəfindən tətbiq edilən blok imtahanı limitini keçməyən abituriyentin buraxılış imtahanı nəticəsi yüksəkdirsə, həmin abituriyent orta ixtisas təhsili müəssisələrinə müraciət edərək qəbul şansı əldə edə bilər. Müvafiq ixtisaslar üzrə 2 il kollecdə oxuduqdan sonra subbakalavr qismində imtahan vermədən universitetlərə qəbul olma imkanı mövcuddur. Abituriyentin buraxılış balı 150-dən çoxdursa, kolleclərdə tibb bacısı, mamalıq kimi ixtisaslara qəbul olmaq şansı da var. Bununla yanaşı, kompüter ixtisasları, pedaqoji, iqtisadiyyat sahəsi üzrə, turizm və digər ixtisaslar üzrə kolleclərə müraciət etmək mümkündür.

Universitetlərdə boş yerlərin qalmaması, digər abituriyentlərin şansının azalmaması, kollec seçiminin məhdudlaşmaması üçün abituriyentlər diqqətli seçim etməlidir. Abituriyentin qəbul olduqdan sonra imtina edəcəyi hər hansı bir ixtisas başqa abituriyentin həyatının dəyişməsinə təsir göstərə bilər”.

Nəşr edilib : 23.07.2024 14:11