AZ EN RU

Dünyanı bir ovuca sığdıran kənd Havuş

Bu dəfə yolumuz başı buludlara söykənən, buludlardan nəm çəkən uca dağların qoynunda yerləşən, dağların bir qaş kimi əhatəyə aldığı, sanki ovuc içində olan ucqar kəndimiz Havuşadır. Şərurun bu kiçik yaşayış məntəqəsi dəniz səviyyəsindən 2100 metrdən artıq yüksəklikdə yerləşir. Odur ki, aşırımlı yollarla üzü yuxarı qalxdıqca qulaqlarımız təzyiqdən uğuldayır, gözlərimiz isə üz tutduğumuz kəndi axtarır. Dağlarda buludların axışını seyr etmək, kiçik şəlalələrin dağların ruhuna sanki elə bil, nəğmə dediyini eşitmək mümkündür bu yolda. Dağların sinəsini şırım-şırım edən bulaqlar təbiətin qoyununda ecazkar bir rəsm əsəri çəkmək istəyir. Ucsuz-bucaqsız dağların ecazkarlığı daha çox bənzərsiz edir Havuşu. Dağlara baxdıqca, illərin yorğunluğuna qürurla sinə gərən, tariximizi özündə yaşadan və bu nişanəni gələcəyə daşıyan, ruhu özündə gizlədən təbiəti görürsən...
Əslində, yola çıxarkən belə bir mənzərə ilə qarşılaşacağımızı bilirdik. İki saatlıq çətin yolçuluqdan sonra, nəhayət ki, qarşımıza ecazkar bir mənzərə çıxır. Sal qayalı dağların arasında sanki Tanrının açdığı ovucun içində özünə lövbər salan Havuşun mənzərəsini seyr edirik uzaqdan. Evlər hər tərəfdən dağlarla əhatələnmiş kiçik bir təpənin üzərində tikilib. Fərqli rəngdə olan damların üzərinə vuran Günəş şüaları bizi nağıllarda olan keçmişə aparır. Havuşda hər şey keçmişimizi xatırladır. Şəhərin səs-küyündən uzaq olan bu kənd elə şəhərin istisindən də uzaqdadır. Burada hava bir qədər sərindir – kənd hələ də yayı qarşılamayıb. 
...Dağlarla əhatə olunan Havuş kəndi düşmənlə təmas xəttində yerləşən yaşayış məkanlarımızdan biridir. Bura bir neçə istiqamət üzrə təmas xəttinə yaxındır. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində istifadə etdiyi silahların səsi Havuşda daim eşidilib. Lakin düşmənin bu addımı ordumuza güvənən və bu kənddə ömür sürən sadə insanları qorxutmur. Kənd sakini Valeh Musayev deyir ki, düşmən o zamanlar daha çox kəndi və mal-qaranı atəşə tuturdu. Lakin ordumuza olan güvən kənd sakinlərinin rahat həyatının təminatçısıdır: “Doğulandan bu kənddə yaşayıram. Kəndimizin 3 əsrdən çox yaşı var. Elə illər olub ki, bu kəndin yolları hava şəraitinə görə bağlı qalıb, amma biz heç vaxt doğma yurd yerimizi tərk etmə­mişik. 90-cı illərin əvvəlində mənfur qonşularımızın torpaq iddiaları Havuşdan da yan keçmədi. Lakin biz kəndimizi tərk etmək barədə heç düşünmədik də”.
Mehman Həsənov deyir ki, əvvəllər burada daha çox sakin yaşayırdı. Sonradan onların bəziləri Yeni Havuş kəndinə köçdü: “Yeni Havuş kəndinə köçən kənd sakinlərinin sonradan əksəriyyəti geri qayıtdı. Özüm bu kənddə doğulmuşam, o zamanlar ermənilər Havuşu atəş altında saxlasa da, heç vaxt buranı tərk etməmişəm. Həyatımda hər şeyi burada qazanmışam. Hazırda işləyirəm, 3 ildən sonra təqaüdə çıxacam və yenə də burada yaşayacam”.
1800 hektardan çox ərazisi olan Havuş kəndi dərman bitkiləri ilə zəngindir. Sakinlər deyir ki, dərman üçün lazım olan bitkilərin 70 faizi məhz kəndin ərazisində olan dağlarda bitir. Eyni zamanda kənddə daha çox alma və cəviz ağaclarına rast gəlmək mümkündür. 
Əvvəllər Havuş daha çox atəşə tutulurdu, indi isə ciddi bir təhlükə yoxdur. Daha doğrusu, bu təhlükə şanlı Ordumuz tərəfindən məhv edilib. İndi ordumuz lazım olan anda, hər hansı bir təxribat qarşısında düşmənə layiq olduğu cavabı verir. Necə ki 44 günlük Vətən müharibəsində buna şahidlik etdik.
Havuş sakinlərinin başı bu fəsildə kənd qayğılarına qarışıb. Kəndin əkinəyararlı elə də geniş torpaq sahələri yoxdur. Kəndin sakinləri, əsasən, özlərinə məxsus həyətyanı sahələrdə gündəlik tələbatları üçün müxtəlif tərəvəzlər əkirlər. Burada sakinlər, əsasən, maldarlıq və arıçılıqla məşğul olurlar. Evlərin bütün həyətlərində arı yeşiklərinə rast gəlmək mümkündür. Əbülfəz İbrahimov deyir ki, Havuşun balı nəinki Naxçıvanda, Azərbaycanda belə əl-əl axtarılır: “Havuş arıçılıq üçün olduqca əlverişli kənddir. Çünki bu dağlarda növ-növ gül-çiçəyə rast gəlmək olar. Elə buna görə buranın balı min bir dərdin dərmanı olmaqla yanaşı, dadı, keyfiyyəti ilə də fərqlənir. Arıya xidmət göstərmək böyük zəhmət tələb edir. Havuş insanı isə böyük zəhmətkeş və Vətənini sevəndir”.
“Hazırda Havuşda 500-dən çox arı ailəsi var”, – deyərək söhbətə qoşulur Mehman Həsənov. Deyir ki, burada sakinlər qazancı daha çox bu sahədən əldə edirlər. Böyük zəhmət tələb etsə də, arıçılıqda çalışmaq onlara sanki ruhən rahatlıq verir.  Daha dəqiq desək, Havuşda yaşayanların çörəyi baldan və maldarlıqdan çıxır. 
Hər qayasında təbiətə bir gözəllik bəxş edən Havuş həm də dağlarında olan kiçik şəlalələri ilə məşhurdur. Sakinlər bəzən buna “bəstəkar” şəlalələri də deyirlər. Dərələyəz sıra dağlarından axan buz bulaqlar bu şəlalələri yaradıb. İnsanı sanki nağıllar aləminə aparan, təbiətin möcüzəsi olan bu şələlələr ilin bu fəslində daha gur axır. Mehman Həsənovun sözlərinə görə kəndin yuxarı hissəsində yerləşən bu şəlalə el arasında “Pir şəlaləsi” kimi də tanınır. Səbəbini isə belə izah edir ki, Tanrı bu kəndə hər bir neməti bəxş edib. Füsunkar təbiətində şəlalələr xüsusi rol oynayır. Bulaqlardan süzülərək gələn bu saf su mənbəyini pirdən götürdüyünə görə elə buna “Pir şəlaləsi” də deyirik. Bu da təbiətin bir möcüzəsidir. Bura ilin bütün fəsillərində, xüsusilə bu fəsildə daha çox qonaqlar gəlir.
Nağıl kimi ömür yaşayır Havuş – bir tərəfdən mənfur qonşularımızın bədniyyətli baxışları, digər tərəfdən bu baxışlara fikir verməyən, ömürlərini bu kəndə həsr edən sakinlərin məğrur, ruh yüksəkliyi ilə duruşları bura əlavə güc və ruh verir. Bu ruh Vətənin müqəddəsliyinin, aliliyinin göstəricisidir. Sanki adı kimi ovuc içində yaşayaraq əlləri ilə dağların sinəsinə toxunanda havuşluların dizlərində güc, qüvvət artır. Ürəkləri isə bağlanmayan qapıları kimi hər zaman qonaqlarına açıqdır... 

Nəşr edilib : 16.07.2024 10:00